BAKI, 22 aprel. TELEQRAF
Qırğızıstan və Ermənistan prezidentləri Sadır Japarov və Vaaqn Xaçaturyan Astanada ikitərəfli əməkdaşlığın və beynəlxalq platformalarda əməkdaşlığın inkişafını müzakirə etmək üçün görüşüblər.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Qırğızıstan-Ermənistan münasibətlərinin hazırkı vəziyyətini və perspektivlərini, o cümlədən Avrasiya İqtisadi Birliyi (AİB), KTMT və BMT çərçivəsində koordinasiyanı müzakirə ediblər. Prezidentlər siyasi dialoqun dərinləşdirilməsinə və ticari-iqtisadi əlaqələrin genişləndirilməsinə qarşılıqlı sadiqliklərini təsdiqləyiblər.
Görüşdə ticarət, investisiya, nəqliyyat, rəqəmsallaşdırma və turizm sahələrində birgə layihələrə xüsusi diqqət yetirilib.
Sadır Japarov Ermənistanı avqustun 31-dən sentyabrın 6-dək Qırğızıstanda keçiriləcək VI Dünya Köçəri Oyunlarında iştiraka dəvət edib.
Danışıqların yekununda tərəflər münasibətləri daha da gücləndirməyə hazır olduqlarını vurğulayıblar.