BAKI, 20 aprel. TELEQRAF

ABŞ kəşfiyyatı Pakistan Silahlı Qüvvələrinin Baş komandanı feldmarşal Asim Münirlə bağlı Donald Tramp administrasiyasına xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “Fox News” məlumat yayıb.

Kanalın bildirdiyinə görə, müvafiq xəbərdarlıqda feldmarşal “ABŞ-nin Yaxın Şərqdəki maraqlarına təhlükə yaradan şəxs” kimi xarakterizə edilib.

Kəşfiyyat Asim Münirin İranın ali hərbi rəhbərliyi, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandirləri Qasım Süleymani və Hüseyn Salami ilə şəxsi əlaqələrə malik olmasından şübhələnir. Mənbələrin iddiasına əsasən, bu amillər İranla hərbi münaqişədə ABŞ-nin maraqlarına potensial təhlükə yarada bilər.

Ağ Evə göndərilən hesabatda kəşfiyyat iddia edir ki, Pakistan Ordusunun Baş komandanı ABŞ-İran münaqişəsinin həllində ikili rol oynayır. Sənəddə İslamabadın Tehranla sıx əlaqələrinə görə Pakistan barəsində sərt ittihamlara yer verilib.

Donald Tramp bundan əvvəl Asim Münirin İslamabadda ABŞ-İran danışıqlarının ilk raundunu təşkil etmək səylərini yüksək qiymətləndirmiş, onu “sevimli marşal” adlandırmışdı.