BAKI, 6 aprel. TELEQRAF

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), MDB və KTMT bu ilin sonunda Mərkəzi Asiyada təhlükəsizlik və Əfqanıstandakı vəziyyətlə bağlı konfrans keçirməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə ŞƏT-in baş katibi Nurlan Yermekbayev TASS-a bildirib.

“Üçtərəfli – ŞƏT-MDB-KTMT formatında əməkdaşlığı inkişaf etdiririk. Ötən il sentyabrın 3-də Pekində bu üçtərəfli əməkdaşlıq üçün yol xəritəsi imzaladıq. Bu yol xəritəsinə uyğun olaraq, ilin sonlarında Mərkəzi Asiyada təhlükəsizlik və Əfqanıstandakı vəziyyətlə bağlı konfrans keçirməyi planlaşdırırıq”, - o deyib.

Yermekbayev əlavə edib ki, ŞƏT MDB ilə təxminən 20 ildir əməkdaşlıq edir: “Keçən il ŞƏT MDB daxilində müşahidəçi statusu alıb. Bu, birgə işimizin müsbət nəticəsidir”.

Baş katib MDB və ŞƏT-in iki təşkilatın yüksək vəzifəli şəxslər səviyyəsində müntəzəm görüşlər keçirdiyini söyləyib. Həmçinin ŞƏT-MDB-nin terrorizmə qarşı mübarizə forumunun planlaşdırıldığını və ixtisaslaşmış strukturların - MDB-nin terrorizmə qarşı mübarizə mərkəzinin və ŞƏT-in regional terrorizmə qarşı mübarizə strukturunun fəal şəkildə əməkdaşlıq etdiyini vurğulayıb.