BAKI, 2 aprel. TELEQRAF

Qırğızıstanın energetika naziri Talaybek İbrayev Kazanda Tatarıstan Prezidenti Rüstəm Minnixanovla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.

Minnixanov xatırladıb ki, 2025-ci ildə Qırğızıstan və Tatarıstan arasında qarşıdakı illər üçün əməkdaşlıq müqaviləsinin həyata keçirilməsi ilə bağlı fəaliyyət planı imzalanıb.

Tatarıstan lideri Qırğızıstanı mayda keçiriləcək Kazan Forumunda iştiraka dəvət edib.

Rüstəm Minnixanovun sözlərinə görə, Tatarıstan və Qırğızıstan arasında ticarət dövriyyəsi ötən il artıb, daha böyük artım üçün potensial mövcuddur. Tatarıstanın iri müəssisələri artıq Qırğızıstanda maşınqayırma, neft hasilatı və neft emalı sahələrində fəaliyyət göstərir.

Tərəflər arasında mədəni-elmi qarşılıqlı əlaqələrə xüsusi diqqət yetirilir. Tatarıstan universitetlərində Qırğızıstandan təxminən 340 tələbə təhsil alır.

Prezident və nazir əməkdaşlığın perspektivli sahələrinə - neft-kimya, maşınqayırma, enerji, ətraf mühitə də diqqət çəkiblər.