BAKI, 25 mart. TELEQRAF

Şimali Koreya Ordusunun İranı dəstəkləmək üçün müharibəyə göndərilə biləcəyi ehtimalı ilə bağlı narahatlıqlar artır.

Teleqraf xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Daily NK” saytı məlumat yayıb.

Mənbə bildirib ki, Şimali Koreyanın Çinlə sərhəd bölgələrin sakinləri son günlər qeyri-rəsmi kanallar vasitəsilə bu barədə xəbərlər əldə ediblər.

Şimali Koreya hökuməti hələlik İranın Ali rəhbəri Əli Xameneinin öldüyünü rəsmən elan etməyib, amma onun yerinə Müctəba Xameneinin keçdiyi barədə məlumat yayıb.

“Daily NK” məlumatlı mənbəyə istinadla yazıb ki, Şimali Koreya qoşunlarının İrana göndərilə biləcəyi ehtimalı gündəmdə olarkən, belə narahatlıqlar xüsusilə övladları hərbi xidmətə yaxınlaşan ailələr arasında artır.

Şimali Koreya ilə İran arasında hərbi əməkdaşlıq təcrübəsi bu narahatlıqların əsas səbəblərindən biridir.