BAKI, 25 fevral. TELEQRAF
Aşqabadda Türkmənistan Dəmir Yolu Nəqliyyatı Nazirliyinin rəhbərliyi ilə Avropa İnvestisiya Bankının (AİB) nümayəndələri arasında işgüzar görüş keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan KİV məlumat yayıb.
Tərəflər əməkdaşlıq sahələri və infrastruktur layihələrinin potensial maliyyələşdirilməsini müzakirə ediblər. Əsas mövzu 522 kilometrlik Aşqabad-Daşoğuz dəmir yolunun modernləşdirilməsi və sənayenin texniki cəhətdən təkmilləşdirilməsi olub.
Layihə ölkənin cənub və şimalını birləşdirən marşrutun tutumunu artırmaq və Türkmənistanın beynəlxalq logistika dəhlizlərində tranzit potensialını inkişaf etdirmək məqsədi daşıyır.
Qeyd edilib ki, beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq dəmir yolu infrastrukturunun modernləşdirilməsi və nəqliyyat dəhlizlərinin beynəlxalq təhlükəsizlik və əməliyyat standartlarına uyğunlaşdırılmasına kömək edə bilər.