BAKI, 23 fevral. TELEQRAF

Özbəkistan hökuməti 2030-cu ilə qədər ümumi daxili məhsulun (ÜDM) həcmini 240 milyard dollardan artıq səviyyəyə çatdırmağı planlaşdırır.

Teleqraf xəbər verir ki, barədə Özbəkistan KİV məlumat yayıb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən imzalanmış “Özbəkistan-2030” Strategiyasının icrasına dair fərmanda deyilir ki, zəruri şəraitin yaradılması və sahələrin texnoloji inkişaf modelinə keçirilməsi hesabına cari ildə ÜDM-ün həcmi 167 milyard dollara çatdırılmalı, 2030-cu ilə qədər isə 240 milyard dolları keçməlidir.

Sənəddə illik iqtisadi artımın 6,6%-ə yüksəldilməsi, inflyasiyanın 6%-ə endirilməsi və büdcə kəsirinin ÜDM-də payının 3% səviyyəsində saxlanılması üçün tədbirlərin görülməsi də nəzərdə tutulur.

Bununla yanaşı, hökumət qarşısında 1 milyon vətəndaşın daimi işlə təmin edilməsi və 263 min ailənin yoxsulluq həddindən çıxarılması vəzifəsi qoyulub. Nazirlər Kabineti həmçinin iqtisadiyyata 50 milyard dollar həcmində xarici investisiya cəlb etmək üçün lazımi şəraiti yaratmalıdır.

Qeyd edək ki, ötən il Özbəkistanın ÜDM-ü 145 milyard dolları ötüb.