BAKI, 15 yanvar. TELEQRAF
Daşkənddə yerli məhkəmə sərxoş vəziyyətdə ABŞ Prezidenti Donald Tramp barədə polisə şikayət edən Özbəkistan vətəndaşı haqqında hökm çıxarıb.
Teleqraf xəbər verir ki, o, xüsusi xidmətlərə yalan zəng maddəsi üzrə 1,23 milyon özbək somu (təxminən 100 dollar) məbləğində cərimələnib.
İş materiallarına görə, kişi Daşkənd Polis Baş İdarəsinə zəng edərək Donald Tramp barədə şikayət etmək istədiyini bildirib. O, polisə ABŞ liderinin Venesuela Prezidenti Nikolas Maduronu oğurladığını deyib. Növbətçi polis əməkdaşı ona sənədlərin tərtibi üçün yaxın polis bölməsinə gəlməyi təklif edib, amma zəng edən ora gəlməyib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs tam olaraq günahını etiraf edib. O bildirib ki, sərxoş vəziyyətdə olub, zənginin məzmununu xatırlamır və bu hərəkətinin mümkün nəticələrini dərk etməyib. Məhkəmə kişiyə pul cəzası təyin edib.