BAKI, 25 dekabr. TELEQRAF
Yaponiya və Mərkəzi Asiya ölkələri – Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan resursların davamlı təchizatı ilə bağlı razılığa gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.
Məlumatda Yaponiya və beş Mərkəzi Asiya ölkəsinin regionu Avropa ilə birləşdirən nəqliyyat marşrutunun inkişafı barədə razılığa gəldiyi bildirilir. Qeyd olunur ki, bu təşəbbüs region ölkələrinin maraqlarına uyğun olan həyati əhəmiyyətli mineral və enerji ehtiyatlarının sabit tədarükünü təmin etməyə yönəlib.
Nəşrin yazdığına görə, Tokio Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın iştirak etdiyi ilk yüksək səviyyəli Yaponiya-Mərkəzi Asiya sammitinə ev sahibliyi edib. Sammit çərçivəsində Yaponiya və beş ölkə iqtisadi əlaqələri gücləndirmək üçün Tokio Bəyannaməsini imzalayıb. Sənəddə karbon qazının azaldılması, logistikanın sadələşdirilməsi və insan resurslarının inkişafı sahələrində əməkdaşlığa diqqət yetirilir.
Məqalədə həmçinin bildirilir ki, Yaponiya beş il ərzində Mərkəzi Asiyada ümumi dəyəri 3 trilyon yapon yeni (təxminən 19 milyard ABŞ dolları) olan yeni biznes layihələrini həyata keçirməyi planlaşdırır. Bundan əlavə, tərəflər süni intellekt sahəsində əməkdaşlıq barədə razılığa gəliblər.