BAKI, 24 noyabr. TELEQRAF
Qazaxıstanda LGBT təbliğatı aparanlara qarşı inzibati cəzalar tətbiq olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan parlamentinin deputatı Edil Janbirşin məlumat verib.
“Əvvəla, Qazaxıstan qanunları LGBT nümayəndələrinin bu cəmiyyətdə yaşamasını qadağan etmir. Heç kim həbs olunmur, cərimələnmir, yəni hər kəsin şəxsi seçimidir. Amma onun nümayəndəsi kimi cəmiyyətdə təbliğat aparırlarsa, müxtəlif seminar və kurslar, aksiyalar, mitinqlər keçirirlərsə, sosial şəbəkə və mediada onun simvolları və ya LGBT-ni təbliğ edirlərsə, bu, qanunla qadağandır.
Digər problem isə dolayı reklamlardır. Xüsusi oyuncaqların istehsalı, bədii, cizgi və sənədli filmlərin çəkilməsi, həmçinin simvollardan istifadə kimi fəaliyyətləri reklam edən qruplar var. Bu da qadağandır”, - E.Janbirşin bildirib.
Deputatın fikrincə, bütün bu təbliğat gənclərə və uşaqlara yönəlib:
“Bundan əlavə, demoqrafik problem ola bilər. Bu vəziyyət bizim mənəvi, demoqrafik və iqtisadi əsaslarımıza vurulan zərbədir. Ona görə də ölkəmizi bundan qorumalıyıq. Bu tələblərə məhəl qoymayanlar inzibati cəzaya, yəni cəriməyə məruz qalacaqlar. Bu hal təkrarlanarsa, 10 günə qədər həbs olunacaqlar”.
Xatırladaq ki, Qazaxıstan parlamenti bu yaxınlarda pedofiliya və LGBT təbliğatını qadağan edən qanun qəbul edib.