BAKI, 21 oktyabr. TELEQRAF
“Qazaxtelekom” SC-nin Direktorlar Şurasının sədri Bağdat Musin Qazaxıstan hökumətinin iclasında Xəzər dənizinin dibi ilə çəkiləcək optik kabelin işlənməsinin nə vaxt başa çatacağını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.
“2025-ci ildə Xəzərin dibi ilə optik kabelin çəkilməsi ilə bağlı strateji layihənin icrasına başlamışıq. Baş podratçı seçilib ki, bu da böyük Çin şirkətidir. Dəniz tədqiqatları Qazaxıstan və Azərbaycan tərəfindən də tamamlanıb. Kabelin konstruktiv modeli hazırlanıb, sınaqlar aparılır. Müvafiq avadanlıqlar alınıb”, - o bildirib.
B.Muhsin qeyd edib ki, kabelin çəkilişi 2026-cı ilin yayında başa çatdırılmalıdır:
“Tezliklə fabrikdə kabellərin yığılmasına başlanacaq. Gələn ilin may ayına kimi kabel Xəzər dənizinə çatdırılacaq. Döşəmə işlərini yayın sonuna qədər başa çatdırmağı planlaşdırırıq”.