BAKI, 21 oktyabr. TELEQRAF
Yaponiya parlamentinin aşağı palatasının üzvləri səs çoxluğu ilə Liberal Demokrat Partiyasının (LDP) sədri Sanae Takaiçini ölkənin 104-cü baş naziri seçiblər.
Teleqraf xəbər verir ki, Takaiçi Yaponiya tarixində ilk qadın baş naziri olub.
Sanae Takaiçi səsvermənin birinci turunda qələbəni təmin edərək, 465 səsdən 237-ni toplayıb. Onun əsas rəqibi, Demokrat Partiyasının sədri Yoşixiko Noda 149 səs toplayıb.
Sanae Takaichi gün ərzində yeni hökuməti formalaşdıracaq. Yaponiya mətbuatının yazdığına görə, 2019-2021-ci illərdə bu vəzifədə olan Toşimitsu Moteqinin xarici işlər naziri olacağı gözlənilir. Moteqi LDP seçkilərində Takaiçinin rəqiblərindən biri idi. Onun partiyadaxili seçkilərdəki digər rəqibi, 44 yaşlı Şinjiro Koizuminin (keçmiş baş nazir Juniçiro Koizuminin oğlu) müdafiə naziri olacağı və Yaponiya Müdafiə Nazirliyinə rəhbərlik edəcək ən gənc şəxs olacağı bildirilir.