BAKI, 4 oktyabr. TELEQRAF

Ukrayna gecə saatlarında Rusiyanın energetika infrastrukturunun əsas obyektlərindən birinə - Leninqrad vilayətinin Kirişi şəhərindəki “Kirişinefteorqsintez” (KINEF) neft emalı zavoduna zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, hücumdan sonra sənaye zonasında yanğın baş verib və yanğının söndürülməsinə təcili xidmətlər cəlb olunub.

Məlumata görə, Rusiya hava hücumundan müdafiə qüvvələri Ukraynanın 7 PUA-sını vurub. Yerli sakinlər sosial şəbəkələrdə hücumun əsas hədəfinin zavod olduğunu deyiblər.

Hadisə şahidlərinin sözlərinə görə, müəssisəyə azı dörd zərbə endirilib.

“Kirişinefteorqsintez” Ukrayna ilə sərhəddən 800 km-dən çox məsafədə yerləşir və “Surqutnaftoqaz”a məxsusdur. Bu, illik gücü 10 milyon tondan çox neft olan Rusiyanın ən böyük neft emalı zavodlarından biridir.

Müəssisə Rusiyanın daxili tələbatının əhəmiyyətli hissəsini ödəyir, benzin, dizel, təyyarə yanacağı və digər neft məhsulları istehsal edir.