BAKI, 26 sentyabr. TELEQRAF

Qırğızıstanın su ehtiyatları, kənd təsərrüfatı və istehsal sənayesi naziri Bakıt Torobayev Çin Dövlət Dəmir Yolu Korporasiyasının baş direktorunun müavini Van Lisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi praktiki mərhələyə qədəm qoyur. Hazırda tunellərin və müvəqqəti infrastrukturun tikintisi üzrə işlər davam etdirilir, əsas təşkilati və inzibati məsələlər həll olunur”, - görüşlə bağlı verilən məlumatda bildirilir.

Qeyd olunur ki, Qırğızıstan hökuməti layihənin həyata keçirilməsinə hərtərəfli dəstək verir. Müvafiq dövlət qurumları ilə mütəmadi olaraq əlaqələndirmə görüşləri keçirilir. Tikintinin bütün mərhələlərində ekoloji və təhlükəsizlik standartlarına riayət olunmasına xüsusi diqqət yetirilib.

Xatırladaq ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi ilə bağlı keçən il bu ölkələr arasında razılaşma əldə olunub.