BAKI, 20 sentyabr. TELEQRAF
Qırğızıstanda gündə 12 min ədəd çini qab istehsal edən ilk unikal fabrik açılıb.
Teleqraf xəbər verir ki, bu barədə fabrikin direktoru Aydina Keperakunova “Kabar” agentliyinə bildirib.
Onun sözlərinə görə, fabrik yüksək keyfiyyətli, estetik görünüşlü, ekoloji cəhətdən təmiz məhsulların istehsalı üzrə ixtisaslaşmış ölkədə ilk çini qab istehsalçısıdır.
“Zavodda innovativ texnologiyalar və dizayn tendensiyalarından istifadə etməklə dünya standartlarına cavab verən qab istehsal edirik. Zavod gündə 12 min ayda isə 400 min ədəddən çox qab-qacaq istehsal edir”.
Fabrik çini qab istehsalı üçün xammalın 80 faizini Çindən idxal edir.
Müəssisə rəhbəri əlavə edib ki, fabrikdə 1300 dərəcə yüksək temperaturda 9-12 saat ərzində sobada bişirilən dünya standartlarına cavab verən yüksək keyfiyyətli çini qab istehsal olunur. İstehsal olunan çini qab fabrikin Bişkekdəki öz mağazasında satılır.