BAKI, 12 iyun. TELEQRAF
Hindistanda qəzaya uğrayan “Air India” təyyarəsinin bir sərnişini sağ qalıb.
Teleqraf xəbər verir ki, bu barədə yerli polisə istinadla "ANI" agentliyi məlumat verib.
Polis nümayəndəsinin sözlərinə görə, qəza yerində “11A” nömrəli yerdə oturan sərnişin sağ tapılıb.
Qeyd edək ki, təyyarə qəzaya uğrayarkən göyərtəsində ümumilikdə 242 nəfərin olduğu bildirilir. Onlardan 169-u Hindistan, 53-ü Böyük Britaniya, 1-i Kanada və 7-si Portuqaliya vətəndaşıdır.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.
***
15:46
Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan 242 nəfərin hamısı həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə Hindistanın “News18” telekanalı məlumat yayıb.
Həlak olanlar arasında 10 ekipaj üzvü və bort bələdçiləri də var.
Məlumata əsasən, təyyarədə 169 Hindistan vətəndaşı, 53 Böyük Britaniya vətəndaşı, 7 portuqaliyalı və 1 kanadalı sərnişin olub.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır. Hadisə yerində təcili yardım və xilasedici qruplar fəaliyyət göstərir.
***
14:45
Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 133 nəfərə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə zamanı təyyarə həkimlər üçün nəzərdə tutulmuş yataqxana binasının üzərinə düşüb. Yerli polis faktı təsdiqləyərək bildirib ki, qəza nəticəsində həm təyyarədə olan sərnişinlər, həm də binada olan şəxslər arasında ölənlər var.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır. Hadisə ilə əlaqədar Hindistanın müvafiq dövlət orqanları və fövqəladə hallar xidməti hadisə yerində fəaliyyətini davam etdirir.
***
13:47
Hindistan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 40 nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə Hindistan mənbələri məlumat yayıb.
Təyyarə qəzaya uğrayarkən göyərtəsində ümumilikdə 242 nəfərin olduğu bildirilir. Onlardan 169-u Hindistan, 53-ü Böyük Britaniya, 1-i Kanada və 7-si Portuqaliya vətəndaşıdır.
Hindistanın aidiyyəti qurumları hələ də qəzanın səbəbini təsdiqləməyiblər.
***
13:39
Hindistan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 30 nəfər həlak olub.
Teleqraf Hindistan KİV-ə istinadla xəbər verir ki, bu, itkilərlə bağlı qeyri-rəsmi şəkildə açıqlanan ilkin rəqəmdir.
***
13:31
Hindistanın Qucarat ştatının keçmiş Baş naziri Vicay Rupaninin iyunun 12-də Əhmədabad hava limanı yaxınlığında qəzaya uğrayan “Air India”ya məxsus sərnişin təyyarəsində olduğu güman edilir.
Teleqraf xəbər verir ki, bu barədə Hindistan KİV məlumat yayıb.
Məlumat hələlik aidiyyəti qurumlar tərəfindən təsdiqlənməyib.
***
13:31
Hindistan Hava Yollarına məxsus sərnişin təyyarəsi qəzaya uğradıqdan sonra Əhmədabad beynəlxalq hava limanı bağlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Hindistan KİV məlumat yayıb.
Ölkənin mülki aviasiya naziri Ram Mohan Naidu Kinjarapu təyyarənin qəzaya uğraması xəbərindən sarsıldığını bildirib:
“Əhmədabadda baş verən təyyarə qəzası ilə bağlı məlumat məni sarsıtdı. Ən yüksək hazırlıq vəziyyətindəyik. Vəziyyəti şəxsən izləyirəm və bütün aviasiya və fövqəladə hallara reaksiya qurumlarına çevik və koordinasiyalı tədbirlər görməyə göstəriş vermişəm.
Xilasetmə qrupları səfərbər edilib və tibbi yardımın və yardım dəstəyinin hadisə yerinə çatdırılmasını təmin etmək üçün bütün səylər göstərilir”.
***
13:06
Hindistanın Əhmədabad şəhərindən Böyük Britaniyanın Birminqem şəhərinə gedən "Boeing 787-8" modelli sərnişin təyyarəsi qəzaya uğrayıb.
Teleqraf-ın xəbərinə görə təyyarədə 242 sərnişin və ekipaj üzvünün olduğu bildirilir.
Hindistanın qəzaya uğrayan Air İndia şirkətinə məxsusdur. Təyyarənin havaya qalxdıqdan dərhal sonra qəzaya düşdüyü bildirilir.