BAKI, 18 aprel. TELEQRAF

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Xarici Əlaqələr Komitəsinin Özbəkistana planlaşdırılan səfəri təxirə salınıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qərarın Özbəkistan və digər Mərkəzi Asiya ölkələrinin Avropa İttifaqı ilə imzaladıqları qalmaqallı sazişə təpki olaraq verildiyi bildirilib.

Xatırladaq ki, bundan əvvəl Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla Avropa İttifaqı arasında imzalanmış 12 milyard avroluq müqavilədən sonra bu ölkələr Cənubi Kipri “adada yeganə qanuni dövlət” kimi tanıyıblar. Türkiyənin “işğalçı dövlət” kimi tanındığı qalmaqallı saziş Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq səviyyədə tanıdılması səylərinə zərbə kimi də şərh edilib.