BAKI, 12 iyul. TELEQRAF

Teleqraf Azərbaycan Cümhuriyyəti zabitlərindən Yavər Şəkilinin xatirələrinin 4-cü qismini təqdim edir.

Üçüncü hissəyə giriş:

***

“Biz Türkiyənin istiqlalı üçün qan tökməklə…”

Qafqazın qüdrətli Türkiyə ilə qüdrətli İrana, bunların da müstəqil və qüdrətli Qafqaza olan qarşılıqlı ehtiyaclarına əsaslanan alay zabiti sözünə bu şəkildə davam etdi:

“Müsəlman Qafqazın Rusiya ilə əsrlərlə sürən qanlı müharibədə məğlub olmasının başlıca səbəblərindən birini də arxasında qüdrətli Türkiyə ilə qüdrətli İranın durmaması təşkil edirdi. Müsəlman Qafqaz yalnız öz istiqlalı üçün deyil, eyni zamanda arxasındakı iki İslam dövlətinin də istiqlalı üçün qan tökürdü. Çünki Rusiyanın hədəfi yalnız Qafqaz deyil, eyni zamanda Türkiyə ilə İran və onlardan daha cənubda yerləşən Hindistanı ələ keçirmək idi. Əgər Rusiya Qafqazın müqavimətini hələ 18-ci əsrdə və 19-cu əsrin əvvəllərində qırmağa müvəffəq olsaydı, Türkiyə ilə İran rus istilasının qarşısını qətiyyən ala bilməyəcəkdilər. Qafqazın qanlı və davamlı müharibədə məğlub olmasından sonra Türkiyə ilə İranın məruz qaldıqları fəlakətlər sübut edir ki, Qafqazın Rusiya ilə mübarizəsinə yalnız qafqazlılara aid bir iş kimi baxıla bilməz və bundan sonra da baxılması doğru deyildir. Əgər Türkiyə ilə İran vaxtilə bunu təqdir edə bilməmiş, müsəlman Qafqazın qanlı savaşlarına tamaşaçı qalmışdılarsa, bundan iki il əvvəl qardaş Türkiyə ordularının Azərbaycanda və Şimali Qafqazın Dağıstan hissəsində tökdüyü qanlar bu səhvin bir daha təkrar olunmayacağını bizə sübut edir. Bu misal göstərir ki, Türkiyə və İran qüdrətli olduqca Qafqaz da istiqlalına qovuşa biləcək və istiqlalına qovuşmaqla bərabər bu iki qardaş dövlətin də istiqlalını təhlükəsizlik altına almış olacaqdır. Ona görə də müqəddəratları Qafqazla sıx bağlı olan bu iki dövlətin hürriyyət və istiqlalına xidmət hər bir azərbaycanlıya və hər bir şimali qafqazlıya düşən müqəddəs bir borcdur. İranda bu vəzifəmizi yerinə yetirə bilməməyimizin səbəbi bizim arzumuzdan ziyadə İranın bugünkü zəif və pərişan vəziyyətidir. Türkiyədə isə bu vəzifəmizi yerinə yetirmək üçün şərait və vəziyyət olduqca müsaiddir. Bu məqsədlə də Türkiyəyə gedirik. Çünki biz Türkiyənin istiqlalı üçün qan tökməklə öz istiqlalımız uğrunda qan tökdüyümüzə inanırıq”.

General Səlimov və miralay Sofiyev artıq israr etmədilər. Yalnız General Səlimov Türkiyənin içində olduğu çox ağır vəziyyətə, bu vəziyyətdən çıxmaq üçün bolşeviklərlə əməkdaşlıq etdiklərinə, bu əməkdaşlığın nəticəsi olaraq vətənimizin qurban getdiyinə, düşdükləri ağır vəziyyətin təsiri altında yuxarıda deyilən fikir və mülahizələri qavraya bilməyəcəklərinə və nəticə etibarilə alayın məyusluğa uğrayacağına işarə etməklə kifayətləndi.

“Əgər Türkiyə qüvvələrini toplamayıb zəif qalsaydı…”

Alay Türkiyəyə getmək barədə qəti qərarını vermişdi. Buna qərar verərkən Türkiyənin, xüsusilə də Şərqi Türkiyənin nə vəziyyətdə olduğunu bilməmiş deyildi. Böyük Dünya müharibəsi əsnasında və ondan sonra döyüş meydanına çevrilmiş bu yerlərdə aclıq və ehtiyac hökm sürürdü. Bölgədə böyük dağıntılar törədilmişdi. Hər bir idari təşkilat bəzi yerlərdə sarsılmış, bəzi yerlərdə isə tamamilə yox dərəcəsinə gəlmişdi. Yalnız köhnə komandanlıq heyətinə mənsub ayrı-ayrı fərdlərin və zümrələrin şüurlu vətənpərvərliyi və yüksək fədakarlığı sayəsində müttəfiqlər (ingilislər və başqaları) tərəfindən tərxis olunmuş türk ordusunun qalıqlarından bəzi qüvvələr təşkil edilə bilmişdi. Ümumiyyətlə, o günlərdə (1920-ci ilin iyulunda) Qafqaz cəbhəsində 11-ci, 12-ci və 9-cu olmaqla üç piyada diviziyası mövcud idi. Lakin bu diviziyaların heç biri tam heyətdə olmayıb, bir neçə min nəfəri keçmirdi. Ən mühümü isə bu çatışmayan qüvvənin olduğu kimi qalmayıb, getdikcə əriməsi idi. Halbuki Türkiyənin istər daxili, istərsə də xarici vəziyyəti güclü bir hökumətin və xüsusilə də ordunun qurulmasını israrla tələb edirdi. Qərbdən 400.000 nəfərlik yunan ordusu gündən-günə təcavüzkar bir mövqe tuturdu. Şərqdən isə həmin müttəfiqlər tərəfindən təchiz və silahlandırılmış nizami erməni orduları təhdid edirdi. Erməni ordusunun arxasından isə qırmızı rus ordusu Türkiyəyə yaxınlaşırdı. Əgər Türkiyə qüvvələrini toplamayıb zəif qalsaydı, bu qırmızı rus ordusunun Anadoluya daxil olub öz hakimiyyətini quracağına, yalnız Türkiyəni deyil, bəlkə də bütün Yaxın Şərqi pəncəsinə keçirəcəyinə şübhə yox idi.

Bütün bu təhlükələrə qarşı Türkiyənin Şərq cəbhəsi öz ixtiyarına və öz imkanlarına buraxılmışdı. Çünki Sivas konqresindən dərhal sonra təşkil olunan Ankara hökuməti Şərq cəbhəsinə hər hansı bir köməklik göstərəcək vəziyyətdə deyildi. Ankara hökuməti böyük Yunanıstan xülyasını gerçəkləşdirməyə çalışan yunanlarla mübarizəyə hazırlaşmaqla məşğul idi.

Bir sözlə: Qafqaz cəbhəsi möhtac olduğu qüvvə mənbəyini, ordu ilə qüdrətli və nüfuzlu dövlət təşkilatını meydana gətirəcək mənəvi qüvvə mənbəyini şəxsən özü tapıb yaradacaqdı. Bunu necə etməli idi? Cahan müharibəsindən yorğun və bitkin çıxmış əhalini yeni bir müharibə üçün yeni qurbanlar verməyə məcbur etmək lazım gəlirdi. Tərxis olunmuş və yaxud hərbi hissələrdən qaçaraq qaçaqçılıqla məşğul olan əsgərləri yenidən orduya qaytarmaq üçün xüsusi dəstələr göndərmək tələb olunurdu. Halbuki silah altında olan mövcud qüvvə sərhəd mühafizəsini belə çətinliklə yerinə yetirə bilirdi.

Daha bir məsələ də vardı ki, onu da nəzərə almaq lazımdır: Cahan müharibəsi əsnasında böyük bir süvari ordusu çıxarmış olan kürdlərin bütün alayları evlərinə dönmüş və müharibə vaxtı rus ordusu ilə erməni dəstələri tərəfindən dağıdılmış yuvalarını bərpa etməklə məşğul idilər. Halbuki yalnız hərbi deyil, dövləti və siyasi mülahizələrlə də kürdlərin yeni istiqlal müharibəsində iştirakları zəruri idi. Qarşılaşılan böyük çətinliklərə baxmayaraq Kürdüstan yenidən üç süvari diviziyası çıxarmaqla vətən borcunu yerinə yetirdi, əsl Şərq Ordusu isə geri dönən əsgərlərlə tamamlanıb möhkəmləndirildi. Əhali isə ehtiyaclar içində olmasına baxmayaraq əlindən gələn maddi və mənəvi yardımını əsirgəmədi. Bir sözlə, baş verəcəyi labüd olan müharibəni zəfərlə aparmaq və başa çatdırmaq üçün lazım olan qüvvəni meydana gətirməyi təmin edən mənəvi qüvvə mənbəyi yaradılmış oldu.

Bu mənəvi qüvvə mənbəyinin təşkili də nə qədər qəribə görünsə də, Türkiyəyə gələn Azərbaycan Ordusu hissələrinin sayəsində mümkün oldu. Bunun belə olduğunu anlamaq üçün Azərbaycan hərbi hissələrinin Türkiyəyə gəlmə tarixi ilə tanış olmaq lazımdır.

“Türkiyə orkestri “İzmir marşı”nı çaldı”

Şahtaxtı məsləhətləşməsindən sonra General Həbib bəy Səlimov Naxçıvana döndü, alayla birlikdə Türkiyəyə gəlmək istəməyən miralay Sofiyev Şahtaxtı kəndində buraxıldı, onunla birlikdə alay yavəri mülazim A. (gürcü) və zabitlərdən biri (döyüşçü olmayan) də orada qaldılar. Alayın komandanlığını avtomatik olaraq ən yaşlı yüzbaşı İ. M-B. qəbul edərək Türkiyəyə doğru yola düşüldü.

Bəyazidə yaxınlaşarkən alay başda diviziya komandiri Cavid bəy olmaqla 11-ci süvari diviziyası qərargahının bütün heyəti, orkestr və mövcud hərbi hissələr tərəfindən təntənə ilə qarşılandı. Türkiyə orkestri “İzmir marşı”nı çaldı, alay orkestri də bir marşla qarşılıq verdi. Alay yaxınlaşıb Türkiyə hərbi hissələri qarşısında mövqe tutdu. Komandirlərin görüşü və qarşılıqlı salamlaşmalar başladı. Yüksək rütbəli zabitlər yaxınlaşıb əl verdilər, hər iki tərəfdən nitqlər söylənildi. Hər iki tərəfdə səmimi bir həyəcan havası hakim idi.

Diviziya qərargahının yanında düşərgə salındı. Axşam diviziya komandiri bütün zabitlərimizi yeməyə dəvət etdi. Yemək son dərəcə səmimi bir ab-havada keçdi. Əsgəranə, qısa nitqlər söylənildi. Bu nitqlərdən alay zabitləri Türkiyəyə gəlişin Türkiyə üçün çox böyük əhəmiyyət kəsb etdiyi mənasını anladılar. Qonaqların şərəfinə verilən yeməkdən sonra projektorların işığı altında əsgər tamaşaları təşkil olundu. Alay əsgərləri də Türkiyə əsgərləri tərəfindən qonaq dəvət edildilər.

Alay Bəyaziddə qaldığı bir neçə gün ərzində geyim və silahlarını qaydaya salmaqla, atları nallamaqla məşğul oldu. Şahtaxtıda yem çox bol olduğundan atların qarnı doymuş, yorğunluqları keçmişdi. Əsgərlər də istirahət etmək imkanı tapmışdılar. Ümumiyyətlə, geyim və libasdan başqa hər şey qaydasında idi və alay Bəyazidə yüksək mənəvi ruhla gəlmişdi. Bəyaziddə olarkən Türkiyənin hər tərəfindən təbrik teleqramları gəlirdi. Bu teleqramlar “Yaşıl İslam Ordusu Komandanlığı” – yeni alay komandirimizin adına gəlməkdə idi. Sən demə teleqraf Qafqazdan Bəyazidə Türkiyənin köməyinə “Yaşıl İslam Ordusu”nun gəldiyi barədə Türkiyənin hər tərəfinə xəbər yaymış və bu ordunun da 40 min nəfərdən ibarət olduğunu bildirmişdi! Müharibənin başlanğıcında, səfərbərlik elan etmək üçün mənəvi qüvvə mənbəyi, bax, bu şəkildə vücuda gətirilmiş oldu.

Bundan sonra alay Ərzuruma hərəkət etməli idi. Bəyaziddən Ərzuruma qədər yol Şimali Kürdüstanın içərisindən keçir. Yüksək məqamlar kürdlərə elə bir təsir göstərmək istədilər ki, onlar Türkiyənin köməyinə, həqiqətən də, 40 minlik “Yaşıl İslam Ordusu”nun gəldiyini gözləri ilə görüb inansınlar. Bu məqsədlə Bəyaziddən Ərzuruma toplu şəkildə deyil, hissə-hissə hərəkət edildi: bir gün bir bölük, ertəsi gün ikinci bölük, bir neçə gün sonra batareya, daha sonra pulemyot bölüyü və ilaxır. Yürüş əsnasında hərbi hissələri seyr edən kürdlərdə qüvvənin sayca çox olduğu qənaətini oyatmaq üçün cərgə mümkün qədər uzadılmalı idi. Gözlənildiyi kimi də oldu: Uzaq dağdan yüz atlı hərbi hissəmizi görən kürd onu o biri dağa, o da üçüncüyə xəbər verirdi. Bu üsulla “Yaşıl İslam Ordusu”nun gəldiyi bütün Kürdüstana yayılmış oldu və hər xəbər verən sayı böyütdüyündən ilk xəbər verənin 300 göstərdiyi rəqəm son ünvana 3000, 5000, 10.000 şəklində çatırdı. Bu minvalla alay hələ Ərzuruma çatmamış bütün Şərq vilayətləri 40 minlik orduya şahidlik etdilər. Siyasi vəziyyətin o zaman tələb etdiyi də onsuz da bu idi. Şərq vilayətləri övladlarını cəbhəyə göndərməyə hazırlaşdılar...

Ərzuruma gəldikdən sonra Azərbaycan dəstəsi şəhər qalalarının şimalındakı düzənlikdə düşərgə saldı. Burada bir ay qədər qaldı. Türkiyənin Şərq Ordusu qərargahı tərəfindən elan edilmiş səfərbərlik böyük bir uğurla cərəyan edirdi: əsgər qafilələri dörd bir tərəfdən axışıb gəlirdilər, yuxarıda qeyd olunduğu kimi kürdlər üç süvari diviziyası çıxarmışdılar. Qafqazdan “Yaşıl İslam Ordusu” gəldiyinə dair yayılan şayiə öz təsirini göstərmişdi. Ərzuruma gələn əsgər qafilələri küçələrdə dolaşan və azərbaycanca, ləzgicə, hətta rusca danışan zabit və əsgər qrupları görürdülər. Bu, yeni silah altına alınanlarda, doğrudan da, kömək gəlmiş olduğu qənaətini bir qədər də möhkəmləndirirdi. Onlar buradan yüksək bir ruhla sərhəddə duran diviziyalarına, alaylarına gedirdilər.

Azərbaycan Süvari Alayı

Türkiyəyə gəldiyi gündən etibarən Süvari Tatar alayı “Azərbaycan Süvari Alayı” ünvanını aldı. Bu alay gələnə qədər bütün Şərq cəbhəsində Türkiyənin yalnız bir süvari alayı vardı (15-ci süvari alayı). Bu da alay komandiri Əhməd bəyin sayəsində köhnə ordudan qalmışdı. Müttəfiqlər Türkiyə ordularını tərk-silah edərkən Əhməd bəy özbaşına alayını götürərək Sivasa çəkilmiş və dağlıq kəndlərdə alayını qorumuşdur. Milli hərəkat başlayınca Əhməd bəy alayını götürərək Qafqaz cəbhəsinə gətirmişdir. Azərbaycan Süvari Alayı gəldikdən sonra bu cəbhə artıq bir süvari briqadasına sahib olmuşdu.

Ərzurumda olduğu zaman Azərbaycan Süvari Alayının başından heç gözlənilməyən maraqlı bir hadisə keçdi:

Şərq ordusu komandanlığı alaya və ümumiyyətlə Ərzurum qarnizonuna qırmızı sovet ordusu üsulunda qırmızı ulduz və nişan taxmağı əmr etdi. Alay bu əmrdən son dərəcə mütəəssir oldu və hiddətini etiraz şəklində alay komandiri vasitəsilə Şərq ordusu qərargahına bildirdi. Oradan belə bir əmr gəldi: “Bütün bunlar Türkiyənin istiqlalı naminə lazımdır və bu da kiçik bir siyasi-taktiki məqsədlə edilir. Bununla sovet siyasətçiləri üzərində müəyyən təsir yaratmaq düşünülmüşdür. Çünki Türkiyə düşmənləri ilə müharibə edə bilmək üçün sovetlərdən maddi yardım almağa məcburdur. Təsir müsbət nəticələrini verdikdən sonra qırmızı parçadan ibarət olan ulduzlar da çıxarılıb atılacaqdır. Bu tədbirdən Türkiyənin sovetləşməsi fikrini çıxarmaq doğru deyildir. Türkiyədə komunizm mövzusu belə ola bilməz”.

Türkiyənin siyasi xəttinə müdaxilə etməmək və qardaş bir məmləkətdə qonağa düşən vəzifəni yerinə yetirmək üçün alay etirazında israr etmədi və bir müddət “Türkiyə qırmızı ordusu” hissələrindən sayılmağa dözdü. Alay zabitlərindən biri bu münasibətlə zarafatla belə bir lətifə söyləmişdi: “Dünən bizi yaşıl rəngə boyadılar, bu gün isə qırmızı rəngə saldılar. Baxaq görək sabah nə rəngə düşəcəyik!”

Ərzuruma gəldikdən təxminən bir ay sonra Azərbaycan alayı sərhəddə yerləşən Zuvud keçidinə göndərildi. Eyni zamanda 1920-ci ilin sentyabrında Türkiyə Şərq Ordusunun Qars istiqamətində ümumi hücumu başladı. Türkiyə orduları Oltudan ta İğdıra qədər uzanan cəbhə xətti boyu hücuma keçərək erməni alaylarını məğlub etdi və elə ilk iki-üç gün ərzində Oltu, Sarıqamış, Kağızman və İğdırı zəbt etdi. Azərbaycan Süvari Alayı birbaşa Sarıqamış üzərinə yeriyir və hücumun üçüncü günü - səhər dan yeri ağarmamış birinci olaraq oraya düşmənin daban-dabana təqib edərək daxil olurdu.

“Azərbaycan Süvari Alayı erməni piyada alayına qarşı döyüşürdü”

Burada tarixi əhəmiyyət kəsb edən bir hadisəni qeyd etmək vacibdir:

Məlum olduğu kimi mərhum Ənvər Paşa ümumi müharibədə məşhur hücumunu Sarıqamış üzərinə başlamışdı. Bu hücumun uğur qazanması Qafqaz cəbhəsindəki müharibənin gedişatında Türkiyə üçün müsbət nəticələr verəcək və bəlkə də, müharibənin bütün müqəddəratını həll edə biləcəkdi; uğursuzluğu isə Türk Ordusunu acınacaqlı surətdə ziyana uğradacaqdı. Necə ki belə də oldu: şiddətli soyuqlar və qarlar Sarıqamışı qurtardı, diviziyalar isə məhv oldu.

İndi isə Sarıqamış üzərinə yeriyən və onu zəbt edən Azərbaycan Süvari Alayının başında mərhum Ənvər Paşanın qardaşı Nuru Paşa dururdu. Rəvayətə görə, Sarıqamışın alınmasından mənəvi bir təsəlli tapan Nuru Paşa Sarıqamışa fateh olaraq girməyin Ənvər Paşaya müyəssər olmasa da, onun qardaşına müyəssər olduğunu sevinclə qışqıraraq söyləmişdir.

Hər tərəfdən qaçmaqda olan erməni qüvvələri Qars qalasına toplanırdılar. Türkiyə orduları isə hücum ərəfəsində sözün tam mənası ilə ac olan əsgərləri və heyvanları doyurmaq üçün Oltu, Sarıqamış, Kağızman və İğdırda dayandı. Eyni zamanda arxadan gəlməkdə davam edən, yenidən silah altına alınmış əsgər qruplarını alaylara yerləşdirmək, ordunu qüvvətləndirmək lazım idi. Bu dayanmanın Qars üzərinə qəti hücumu hazırlamaqla da əlaqəsi vardı. Çünki birinci dərəcəli istehkam qalalardan hesab olunan Qarsın üstəlik qarnizonu da hücum edən Türk Ordusundan sayca üstün idi. Qars qalasında rus ordusu tərəfindən buraxılmış külli miqdarda sursat və qala topları mövcud idi. Bir neçə həftə sürən bu dayanma əsnasında ordu düşməni də gözündən qaçırmırdı və kəşfiyyat dəstələri vasitəsilə daima düşmənlə təmasda olaraq araşdırmalar aparırdı.

Bir dəfə düşmən hətta hücuma keçərək Sarıqamışı geri almaq istədisə də, geri – Qarsa qovuldu. Bu son çarpışma və əks-hücumda Azərbaycan Süvari Alayı Bəyli-Əhməd düzənliyinə hakim təpələrdə səngər qurmuş olan erməni piyada alayına qarşı döyüşürdü. Şiddətli top və pulemyot atəşinə baxmayaraq alay bir gün vuruşduqdan sonra axşama doğru düşmənin mövqelərini zəbt etməyə müvəffəq oldu. Azərbaycan Süvari Alayının dördüncü bölüyü isə Bəyli-Əhməd stansiyasının yanında - düzənlikdə atlı hücumuna keçdi, lakin Qarsçayın keçilməsi mümkün olmayan hissəsinə rast gəldiyindən, eyni zamanda düşmənin zirehli qatarı tərəfindən atəş yağışına tutulduğu üçün nizamlı surətdə əvvəlki mövqeyinə çəkildi. Bu hücum əsnasında çox maraqlı bir hadisə baş verdi: Azərbaycan Süvari Alayının bölüyü hücuma başlayan kimi düşmən zirehlisinin topları təxminən bir kilometr məsafədən atəş açdı. İlk mərmilərdən biri bölükdəki yeganə türkiyəli zabit olan yüzbaşı Əhməd Əfəndiyə dəydi. Mərminin partlayışı Əhməd Əfəndini atı ilə birlikdə havaya atdı. At parça-parça oldu, Əhməd Əfəndi isə sapsağlam olaraq yerə düşdü! Və düşən kimi “qismət!” deyə bağırdı. Bu hadisə hər bir əsgərin fatalist olması lüzumunu və alın yazısına inanaraq ölümdən qorxmamasını təlqin etməkdədir.

(Eyni süvari alayında Tərtər altındakı döyüşdə belə bir hadisə baş vermişdi: bolşevik topunun bir mərmisi alay qərargahının yerləşdiyi yerə düşərək alayın dəmirçisi olan yeganə rusun başını qopardı. Alay qərargahı cəbhədən dörd kilometr qədər uzaqda idi. Bu mərmi də o gün o əraziyə düşən yeganə mərmi idi).

***

Payız bitir, bu məntəqənin çox sərt və soyuq qışı yaxınlaşırdı. Əsgərin isə qışlıq geyimi yox idi. Bu geyimləri də yalnız düşməndən ələ keçirmək lazım gəlirdi. Digər tərəfdən, getdikcə sovetləşən Qafqazdakı siyasi vəziyyət Türk Ordusundan qətiyyətli hərəkət və böyük bir aktivlik tələb edirdi. Şərq Ordusu komandanlığını lazım olan hərbi qüvvə mövcud olmadığı halda Qarsı almağa tələsdirən amil çox güman ki, bu mülahizələrdən ibarət idi. Çünki hər taborda olunması lazım gələn 1000 nəfər yerinə, yarım heyətli tabor belə çətin tapılırdı. 500 nəfərlik tabora çox az təsadüf olunurdu. Ordu komandanlığı cəsarəti ilə tanınan Dəli Xalid bəyin komandanlığı altında bir mühasirə qolu çıxardı. Bu qüvvə 9-cu piyada diviziyası, Azərbaycan Süvari Alayı ilə 15-ci süvari alayı, kürd süvariləri (bir və ya iki briqada) və topçulardan ibarət idi.

Mühasirə qolu Qarsı şərqdən dövrəyə alaraq gecə hücumu ilə böyük və kiçik Yagni fortlarını (istehkamlarını) zəbt etdi, eyni zamanda hər iki süvari alayı düşmən zirehli qatarlarının göstərdiyi şiddətli fəaliyyətə baxmayaraq Qars ilə Gümrü arasındakı dəmir yolu xəttini kəsməyə müvəffəq oldular. Qars qalasına qarşı kəşfiyyat əməliyyatı üçün Xalid bəy öz yanında mülazim (leytenant) K.-nin komandanlığı altında Azərbaycan Süvari Alayından bir taqım saxladı. Xalid bəyin hücum qolunu yönəltmək istədiyi yol üzərində məharətlə maskalanmış “Qala-kənd” istehkamı dururdu. Bu istehkam səhra mövqeyində düşmənin piyada hissələri yerləşmişdi. Hücumdan bir gün əvvəl K.-nin taqımı Qala-kənd istehkamının tam kəşfiyyatını apardı. Sabaha yaxın qəfil süngü hücumu ilə Qala-kənd zəbt edildi və əsgərlər qala toplarının cəhənnəmi atəşi altında, saysız-hesabsız tel manelərindən tullanaraq Qars şəhərinə doğru yeriməyə başladılar.

Başda əlində revolver şəxsən qorxmaz Xalid bəyin özü olmaqla əsgərlər şəhərə daxil oldular. Şəhər alınarkən mülazim K.-nin taqımı Xalid bəyin şəxsi komandanlığı altında irəliləyirdi. Ordu şəhərə girdikdən sonra K.-nin taqımı türk briqadası ilə birlikdə düşmənin geri çəkilməkdə olan piyada qüvvələrinin təqibində iştirak etdi. Lakin düşmən zirehli qatarı geri çəkilən erməni qüvvələrini himayəyə götürərək pulemyot atəşi ilə kürd süvarilərini Qarsın şimalındakı düzənliyə yaydı. İlk nizami süvari alayları isə Qars ilə Başgediklər arasında hərəkət edir, dəmir yolu nəqliyyatını kəsir və düşmən qüvvələrini təqib edirdilər. 15-ci süvari alayı Başgediklərdə düşmən piyadasının mövqelərinə uğurla axın edərək düşməni pərişan etmiş və külli miqdarda qənimət götürmüşdü. Bu axının qəhrəmanı sivaslı Kazım çavuş idi ki, düşmən sıralarına ilk soxulan da o olmuşdu.

(Sonradan Ankarada Böyük Millət Məclisi binasında öldürülən Xalid bəy (sonralar Xalid Paşa) Qafqaz cəbhəsində, istər orduda, istərsə də əhali arasında böyük hörmətə malik idi. Ona “Türkiyənin aslanı” ünvanı verilmişdi. Həqiqətən, aslan kimi cəsur olan Xalid bəy eyni zamanda yüksək əxlaq sahibi bir adam idi. Şiddətli intizam yaradarkən o, zəifləri təhdid edərdi. Həqiqi əsgərlər isə onu sonsuz bir sevgi ilə sevirdilər).

Davamı var.