Fevralın 4-də Bakı Biznes Mərkəzində Azərbaycanda ilk dəfə “Gözünlə duyduqların” adlı loqo sərgi keçirilib. Teleqraf.com xəbər verir ki, tədbirdə gənc dizayner Elçin Aşurovun müəllifi olduğu, özündə yeni üslub və baxışları təcəssüm etdirən 80 loqo sərgilənib.

Loqolar əsasən, dövlət və biznes strukturları ilə əməkdaşlıq şəraitində hazırlanıb. Günümüzün aktual üslub və baxışlarını müasir dövrün cizgiləri ilə əks etdirən loqoların mənaları da sərgi iştirakçılarının diqqətinə çatdırılıb.

Sərgidə dövlət qurumlarının, gənclər təşkilatlarının nümayəndələri, özəl sektor təmsilçiləri, mədəniyyət və incəsənət xadimləri və s. iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə sərgidə çıxış edərək bu gün ölkəmizdə gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunu bildiriblər.

Qeyd edilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində bu sahədə mühüm nailiyyətlər əldə olunub. Gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi, ictimai-siyasi fəallıqlarının artırılması, dünyanın nüfuzlu universitetlərində təhsil almaları üçün yaradılan şərait, sosial problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının fəaliyyətinə verilən dəstək ölkəmizdə bu sahəyə göstərilən diqqət və qayğının ən mühüm göstəricisidir.

Müəllif E.Aşurov vurğulayıb ki, sərgidə əsas məqsəd bir-birindən fərqli, kreativ loqoları ictimaiyyətə təqdim etməklə cəmiyyətdə bu sahəyə maraq oyatmaq, yenilikləri və inkişafı göstərməkdən ibarətdir.