KƏLBƏCƏR, 25 noyabr. TELEQRAF

"Fikirləşirəm ki, Kəlbəcərdə gələcəkdə mütləq musiqi festivalları təşkil etmək lazımdır ki, buradakı yerli sakinlər pul qazana bilsin".

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu sözləri Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli jurnalistlərə açıqlamasında deyib.

"Mən ilk dəfədir Kəlbəcərdəyəm. Mən sizə açıq deyim ki, təəssüratım möhtəşəmdir. Düzdür, Şuşanın dağları gözəldir, amma Kəlbəcərin dağları tamam başqadır, elə bil səni qucaqlayır... Bura möcüzədir. Dünyada belə şey görməmişəm. Çox unikal yerdir. İsti suya getdik, turş sudan içdik. Bu, böyük bir sərvətdir. Cənab Prezidentin xüsusi bacarığı sayəsində beş il öncə Kəlbəcər və Laçın azad edildi. Şəhidlərimizə Allah rəhmət eləsin! Qazilərimiz tez sağalsın! Onlara borcluyuq. Nə yaxşı ki, Kəlbəcərdə toqquşma, qarşıdurma olmadı. Yoxsa nə qədər itkinimiz olacaqdı. Çünki burda müharibə aparmaq çox çətindi. Mən sizi ürəkdən təbrik edirəm. İstərdim ki, Kəlbəcərdə həmişə belə bayramlar olsun. Fikirləşirəm ki, burda gələcəkdə mütləq musiqi festivalları təşkil etmək lazımdır. Nəinki təkcə aşıqlar, muğam ifaçıları, bura böyük kollektivlər gəlməlidir. İspaniyadan, İtaliyadan turistlər gəlməlidirlər. Yerli camahat burda pul qazanmalıdır. Çünki eko turizm çox mühüm bir sahədir. Mən inanıram ki, gündən günə Kəlbəcər daha gözəl olacaq"