Bu gün Bakıda "I Turan Kitab Festivalı"nın açılış mərasimi baş tutub.
Yunus Əmrə İnstitunun Bakı nümayəndələyinin rəhbəri Selçuk Karakılıç Teleqraf.com-a açıqlamasında festival haqqında məlumat verib: "I Turan Kitab Festivalı" "Çapar yayınları"nın, Elm və Təhsil Nazirliyinin və Yunus Əmrə İnstitunun Bakı nümayəndələyinin təşkilatçılğı ilə baş tutur. Kitab sərgisinin baş tutmasına dəstək olmaqla yanaşı Türkiyədən iki yazarını Bakıya dəvət etmişik. Yazarlarımız oxucularla görüşəcəklər və eyni zamanda Türkiyə və Azərbaycan tarixi haqqında fikirlərini bölüşəcəklər.
Professor İlyas Topsakalın bildiyiniz kimi Rusiya və Qafqaz tarixçisi və elm adamı olaraq kitab festivalının üçüncü günündə çıxışı olacaq. Bizim uşaq vaxtı oxuduğum kitabların yeri və dəyəri başqadır. Əslində xatirələri böyük, cazibəsi fərqlidir. O illərdə oxuduğumuz kitablardan bizə qalan yaşadığımız dönəmin və yerlərin xatirəsidir.
Mütaliənin insanlarda yaratdığı ən böyük təsir həyatın əsrarəngiz qapılarını açan açar rolunun olmasıdır. Bundan sonra da kitab sərgilərinin təşkil edilməsinə dəstək olmağa çalışacağıq. "I Turan Kitab Festivalı"nı keçirməkdə məqsədimiz, kitab sərgilərinin yaşaması, azərbaycanlı elm adamları ilə türk elm adamlarının bir araya gələrək, iki ölkə arasında tarixi bağlar haqqında müzakirələr aparması, kitab və oxucu arasındakı dərin bağlılığı göstərməkdir".

Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhməd də festivalın məqsədindən danışıb: "Bu gün Bakıda beş günlük "l Turan Kitab Festivalı" keçirilir. Biz "Çapar yayınları" olaraq festivalı təşkil etmişik. Turan məfkurəsi Azərbaycanda yüz ildir ki, hakimdir və bunun əsası Əlibəy Hüseynzadə tərəfindən qoyulub. Turan ideyasının daha da formalaşacağı bir əsrdir. Festivalda ölkəmizdə 40 yaxın nəşriyyat evi, kitab mağazaları iştirak edirlər. Müxtəlif səpkili mövzularda, tarix, elm, mədəniyyət sahəsinə aid kitablarımız var. Türkiyədən qonaqlarımız gələcək, yazıçılar və yerli müəlliflərin imza günü təşkil olacaq və mühazirələri dinləniləcək. Beş gün ərzində maraqlı kitab sərgisi olacaq. Bu festivalı davamlı şəkildə keçirəcəyik və arzumuz budur ki, gələcəkdə müxtəlif türk ölkələri də daha geniş səpkidə iştirak etsinlər. Festival bu gün Bakıda baş tutursa, sabah Səmərqənddə və başqa türk dövlətlərində baş tutsun. Oxucuları da maraqla gözləyirik və kitab sərgisinin maraqlı keçəcəyinə əminik".
