Bu gün Dövlət Akademik Filarmoniyasında beynəlxalq müsabiqələr laureatı, pianoçu Toğrul Hüseynlinin "Rəşadətli uçuş" adlı solo konserti keçirilib.
Teleqraf.com xəbər verir ki, konsert Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin pilotu, "Şücaətə görə medal" ilə təltif edilmiş, şəhid polkovnik-leytenant Rəşid Atakişiyevin əziz xatirəsinə həsr olunub.
Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov Rəşad Atakişiyevin döyüş yoluna nəzər salıb.
O bildirib ki, qəhrəman pilot hər zaman xüsusi bacarıqları, insanı keyfiyyətləri ilə seçilib. "O, Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən hərbi paradda yüksək peşəkarlıq nümayiş etdirib. Aprel döyüşlərinin iştirakçısı olub. 2019-cu il iyul ayının 24-də döyüş şəraitinə yaxınlaşdırılmış gecə hərbi təlim-məşq uçuşları zamanı Rəşadın idarə etdiyi MİQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsildi və təyyarə Xəzər dənizinə düşdü. Uzun axtarışlardan sonra nəşini dənizdən çıxarmaq mümkün oldu.
Onun ölümü Azərbaycan Ordusu üçün böyük itki oldu".
Millət vəkili Ceyhun Məmmədov, şəhid Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə də Rəşad Atakişiyevin timsalında ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşan oğullarımızın gələcək nəsillərə örnək olduğunu bildiriblər.
Qeyd edilib ki, qəhrəmanlar unudulmamalı, daim sevgi və ehtiramla yad edilməlidir. Rəşad Atakişiyevin ömür və döyüş yoluna həsr olunan filmin nümayişindən sonra Toğrul Hüseynlinin əsrarəngiz ifasında tanınmış bəstəkarların əsərləri səsləndirilib.