BAKI, 3 noyabr. TELEQRAF

2026-cı ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir.

Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin baş idarə və idarələri, eləcə də qoşun və qüvvə növləri, Əlahiddə Ümumqoşun Ordunun qərargahlarının cəlb olunması ilə keçirilən məşqin planına əsasən, hərbi qərar qəbuletmə prosesinə uyğun fəaliyyətlər icra olunur.

Noyabrın 3-də müdafiə naziri general-polkovnik Zakir Həsənov qərargahların məruzələrini videobağlantı formatında dinləyib.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun fəaliyyətindən razılığını bildirib və Ordu qarşısında qoyulan tapşırıqları çatdırıb.

Müasir hərbi təhdidlərə qarşı döyüş təcrübəsi nəzərə alınaraq keçirilən kompüter dəstəkli komanda-qərargah təliminin məqsədi komandir heyətinin hərbi qərar qəbuletmə bacarıqlarının daha da təkmilləşdirilməsi, həmçinin bölmələrin imkan və qabiliyyətlərinin simulyatorlar üzərində məşq etdirilməsidir.