BAKI, 14 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp və iş adamı İlon Mask uzun müddət davam edən mübahisədən sonra milyarderin noyabrda keçiriləcək seçkilərdə Respublikaçılar Partiyasını dəstəkləmək istəyi səbəbindən pozulmuş münasibətlərini düzəldib.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla məlumat yayıb.

“Mask Respublikaçılar Partiyasının Konqresə nəzarəti saxlamasına kömək etmək məqsədilə seçicilərin fəallığının artırılması kampaniyasına ən azı 100 milyon dollar xərcləməyi planlaşdırdığını bildirib. Bu, Tramp və Maskın yenidən yaxınlaşması istiqamətində təxminən bir il davam edən səylərin kulminasiyası olub”, - nəşr yazıb.

Bundan əlavə, onların barışmasına səbəb mühafizəkar fəal Çarli Kirkin sui-qəsdə məruz qalması da olub. Prezidentin adı açıqlanmayan köməkçisinin sözlərinə görə, Tramp şəxsi söhbətlərində onun Maskla heç vaxt əvvəlki qədər yaxın münasibətlərinin olmayacağını deyirmiş. Amma hazırda təxminən ayda bir dəfə əlaqə saxlayır və süni intellekt, Çin və dünyada baş verən hadisələri müzakirə edirlər.