BAKI, 17 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin dayandırılması üçün danışıqlara can atır, bunu onun İsraillə Livan arasında müvəqqəti atəşkəs barədə bəyanatı göstərir.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşrin yazdığına görə, qiymətlərin artması və reytinqinin düşməsi fonunda Tramp Tehranın bəzi tələbləri qarşısında güzəştə gedə bilər.
“O, güzəştə getməyə hazırdır, çünki həqiqətən də bunun bitməsini istəyir”, - danışıqların gedişi ilə tanış olan Körfəz ölkələrindən yüksək vəzifəli rəsmi deyib.
O əlavə edib ki, Tramp danışıqlara ciddi yanaşır, müharibənin bitməsini çox istəyir, amma İran hələlik ona nüfuzunu qorumaq üçün lazım olanı verməkdən imtina edir.
ABŞ Prezidentinin özü də söyləyib ki, Tehran da razılaşma əldə etmək istəyir: “İran razılaşma istəyir, onlarla çox yaxşı ünsiyyət qurmuşuq”.
Həmçinin Ağ Ev rəhbəri vurğulayıb ki, İran nüvə silahına sahib ola bilməz: “İranlılar bu gün iki ay əvvəl hazır olmadıqları şeyləri etməyə hazırdırlar”.
Nəşr ehtimal edir ki, Tramp İranın uranın zənginləşdirilməsinə 20 illik moratoriumu nəzərdə tutan razılaşma ideyasını rədd edib. Ağ Ev prezidentin gələcəkdə İrana mülki məqsədlər üçün uranı zənginləşdirməyə icazə verən razılaşmanı qəbul edib-etməyəcəyi ilə bağlı konkret cavab verməyib.
Danışıqlarla tanış olan iki rəsmisinin iddiasına görə, 20 illik moratorium əslində Tramp administrasiyasının təklifidir. İran isə onlara ancaq 5 illik moratorium təklif edib. Tramp həmçinin İrandan qismən zənginləşdirilmiş uranın tədarükündən imtina etməyi tələb edir. Tehran bu tələblə razılaşmır.
Bundan əlavə, Tramp bəyan edib ki, İran yerin dərinliklərində olan nüvə materiallarını ölkə ərazisindən çıxarmağa razılaşıb, amma Tehran bunu hələlik təsdiqləməyib.
“Tramp nə qədər ABŞ-nin danışıqlarda kozırlara sahib olduğu barədə bəyanatlar versə də, İran blokada və bombardmanlara davam gətirə bildiyini göstərdi, həm də Hörmüz boğazında nəqliyyatın hərəkətini məhdudlaşdıraraq dünya bazarlarına təsirini qoruyub saxladı”, - nəşr qeyd edib.
Mənbənin fikrincə, Donald Tramp sonda boğazın blokadasını dayandırsa və uranın gələcəkdə zənginləşdirilməsinə imkan verən razılaşma bağlasa, bu, onun strategiyası ilə bağlı suallar doğuracaq.
“Bu müharibə böyük maddi ziyana, insanların ölümünə səbəb oldu, ABŞ üçün yaratdığı təcridi demirəm belə. Son bir ayda baş verənləri əsaslandırmaq və ya hətta izah etmək çətindir”, - amerikalı keçmiş diplomat Kristofer Hill bildirib.