BAKI, 19 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Kanada da Qrenlandiya kimi özünü potensial düşmənlərindən - Rusiya və Çindən qorumaq imkanına malik deyil.

Teleqraf xəbər verir ki, bu barədə NBC ABŞ Prezident Administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Donald Tramp bu fikri son həftələr yaxın çevrəsi ilə söhbətlərdə ifadə edir. ABŞ Prezidenti bu il Kanadayla Arktika sərhədlərinin gücləndirilməsi barədə müqavilə bağlanmasının zəruriliyini da söyləyib.

Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinin zərurətini bəyan edib. Həmçinin, o, əvvəllər Kanadanın nə vaxtsa ABŞ-nin ştatı ola biləcəyinə eyham vurub.