BAKI, 4 iyun. TELEQRAF
“Ukraynanın pilotsuz təyyarələrlə Rusiya hərbi hava bazalarındakı strateji təyyarələrə zərbə endirməsi müharibədə eskalasiya riskini artırıb”.
Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin (Donald Tramp) Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
O hesab edir ki, müharibə zamanı qarşı tərəfin nüvə triadası hücuma məruz qalanda risk səviyyəsi artır.
Kelloq əlavə edib ki, Kremlin bu məsələyə necə reaksiya verəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Xüsusi nümayəndə vurğulayıb ki, ABŞ məhz bundan qaçmağa çalışır, çünki bu nöqtəyə çatmaq arzuolunmazdır.
Kelloq razılaşıb ki, “Hörümçək toru” əməliyyatının psixoloji təsiri bombardmançıların məhv edilməsi nəticəsində Rusiyaya vurulan maddi itkilərdən qat-qat ciddidir. O hesab edir ki, Ukraynanın xüsusi əməliyyatı Rusiyanın imicinə ciddi ziyan vurub və bununla da Ukrayna təslim olmaq fikrində olmadığını göstərib.
“Ukrayna mahiyyətcə “biz də bu oyunu oynaya bilərik” deyir”, - Amerika rəsmisi vurğulayıb.
Xatırladaq ki, Ukrayna Milli Təhlükəsizlik Xidmətinin iyunun 1-də keçirdiyi “Hörümçək toru” adlı əməliyyat nəticəsində 41 Rusiya təyyarəsi, o cümlədən A-50, Tu-95, Tu-22 M3 və Tu-160 vurulub. Bu əməliyyat ilyarımdan çox müddətə hazırlanıb. Ukrayna PUA-ları eyni anda Rusiyanın 4 hərbi aerodromunda - Belaya, Dyaqilevo, Olenya və İvanovodakı hədəflərə hücum edib.