BAKI, 19 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp prostat xərçəngi diaqnozu qoyulan sələfi Cozef Baydenə tezliklə sağalmağı arzulayıb.
Teleqraf xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
"Melaniya ilə biz Co Baydenin son tibbi diaqnozundan kədərləndik. Biz Cill (sabiq prezidentin xanımı – red.) və onun ailəsinə ən səmimi arzularımızı çatdırır, Coya tezliklə və uğurla sağalmasını arzu edirik", - Tramp yazıb.
Xatırladaq ki, daha əvvəl Baydenin ofisi ABŞ-nin 46-cı prezidentində prostat xərçənginin aqressiv formasının aşkar edildiyi ilə bağlı bəyanat yayıb. Məlumata görə, xərçəng hormonal terapiyaya cavab verir ki, bu da onu effektiv şəkildə müalicə etməyə imkan verir.
Cozef Baydenin 82 yaşı var. 2023-cü ilin martında o, dərisindəki bədxassəli törəmənin çıxarılması əməliyyatı keçirib.