
BAKI, 5 mart. TELEQRAF
ABŞ-nin paytaxtı Vaşinqton şəhərində Ağ Evə yaxın küçədə asfalta yazılmış nəhəng "Black Lives Matter" (Qaradərililərin həyatları önəmlidir) yazısı silinib.
Teleqraf xəbər verir ki, bu barədə “Washington Times” məlumat yayıb.
Qeyd edək ki, "Black Lives Matter" (BLM) 2013-cü ildə ABŞ-də başlamış və qlobal miqyasda genişlənmiş sosial hərəkatdır. Hərəkatın məqsədi, xüsusilə qaradərili insanların polis zorakılığına və irqçi təzyiqlərə qarşı mübarizə aparmaqdır.
BLM 2013-cü ildə Florida ştatında Trayvon Martin adlı gənc qaradərili oğlanın öldürülməsindən sonra Alicia Garza, Patrisse Cullors və Opal Tometi tərəfindən təsis edilmişdir. Trayvon Martinin ölümü qaradərili insanların hüquqlarının pozulmasına və polis zorakılığına qarşı geniş miqyaslı etirazların başlanmasına səbəb olmuşdur.
Hərəkatın əsas şüarı "Black Lives Matter" (Qaradərililərin həyatları önəmlidir) şüarı ilə qaradərili insanların həyatlarının digər irqlərlə bərabər dəyərə malik olduğunu vurğulayır və irqçiliklə mübarizə aparır.
"Black Lives Matter" yazısı Vaşinqtonda asfalta 2020-ci ildə həkk edilmişdi.