BAKI, 6 iyun. TELEQRAF

ABŞ-nin keçmiş səhiyyə rəsmiləri və yoluxucu xəstəliklər üzrə mütəxəssislər Donald Tramp administrasiyasını Keniyada yalnız amerikalılar üçün nəzərdə tutulan Ebola karantin və müalicə mərkəzi yaratmaq planından imtina etməyə çağırıblar.

Teleqraf xəbər verir ki,“The Guardian” nəşrinin yazdığına görə, ABŞ hökuməti Keniyada Ebola virusuna yoluxmuş və ya yoluxma riski daşıyan amerikalılar üçün səhra xəstəxanası yaratmaq niyyətini açıqladıqdan sonra layihə ciddi mübahisələrə səbəb olub.

Məlumata əsasən, Keniya Ali Məhkəməsi layihənin icrasını müvəqqəti dayandırsa da, ABŞ və Keniya hökumətləri hazırlıq işlərini davam etdiriblər. İlk amerikalı yardım qruplarını daşıyan təyyarələrin artıq Laikipia hərbi hava bazasına endiyi bildirilir.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) keçmiş yüksək vəzifəli əməkdaşı Daniel Cerniqan bildirib ki, plan əvvəlki Ebola epidemiyaları zamanı tətbiq edilən etik və humanitar prinsiplərlə ziddiyyət təşkil edir.

Onun sözlərinə görə, 2014-2015-ci illərdə Qərbi Afrikada Ebola epidemiyası zamanı ABŞ yalnız öz vətəndaşlarını deyil, bölgədə çalışan bütün səhiyyə işçilərini də dəstəkləyirdi.

ABŞ Dövlət İşçiləri Federasiyasının (AFGE) yerli bölməsinin rəhbəri Yolanda Ceykobs isə Tramp administrasiyasını Ebola ilə mübarizə aparan CDC əməkdaşlarını “taleyin ümidinə buraxmaqda” ittiham edib.

Layihəyə əsasən, Keniyada 50 çarpayılıq xüsusi bölmə yaradılacaq. Xəstələrə dərman və məhdud intensiv terapiya xidmətləri göstəriləcək, daha ağır vəziyyətdə olan şəxslər isə Avropadakı xəstəxanalara göndəriləcəklər.

Mütəxəssislər hesab edirlər ki, ABŞ-də artıq Ebola xəstələrinin təhlükəsiz müalicəsi üçün yüksək səviyyəli xüsusi biotəhlükəsizlik mərkəzləri fəaliyyət göstərir və vətəndaşların Keniyada saxlanılması əvəzinə ölkəyə gətirilməsi daha məqsədəuyğun olardı.

Amerika Yoluxucu Xəstəliklər Cəmiyyətinin prezidenti Ronald Nahass bildirib ki, ABŞ milyonlarla dollar vəsait hesabına bu cür təhlükəli infeksiyalar üçün xüsusi müəssisələr yaradıb və həmin mərkəzlər Keniyadakı səhra xəstəxanasından daha effektiv xidmət göstərə bilər.

Ekspertlər həmçinin vurğulayıblar ki, yoluxucu xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlıq və Ümumdünya Səhiyyə Təşkilatının koordinasiyası vacib rol oynayır. Onların fikrincə, qlobal səhiyyə problemlərinin həlli üçün ölkələrin birgə fəaliyyəti əsas şərtlərdən biridir.