BAKI, 27 fevral. TELEQRAF
Ruanda Prezidenti Pol Kaqame yanvarda ABŞ Senatının respublikaçı üzvü Lindsi Qremə zəng edərək kömək istədikdən sonra ölkəsinə qarşı sanksiyaların tətbiqinin qarşısını ala bilib.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, Kaqame yanvarda Ağ Evin planlarından xəbər tutaraq Qremə zəng edərək, Konqo Demokratik Respublikası (KDR) ilə sülh müqaviləsini pozduğuna görə Ruandaya qarşı sanksiyaların qarşısını almaq üçün kömək istəyib. Bundan sonra ABŞ Prezidenti Donald Trampa yaxın olan senator Ağ Ev və vitse-prezident Ceyms Devid Vensin ofisi ilə əlaqə saxlayıb.
Qrem Ruandanın Vaşinqton üçün etibarlı təhlükəsizlik tərəfdaşına çevrildiyini, buna görə də ona qarşı sanksiyaların sülh səylərinə mənfi təsir göstərə biləcəyində israr edib. Senator Ruandanın ABŞ-yə vacib komponentlər təchiz etdiyini də xatırladıb.
Nəticədə ABŞ hökuməti Afrika ölkəsinə qarşı sanksiyaların tətbiqini qeyri-müəyyən müddətə təxirə salıb.