BAKI, 26 fevral. TELEQRAF
Türkiyə Müdafiə Nazirliyi Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemlərinin Somalidə istifadə ediləcəyi ilə bağlı iddianı təkzib edib.
Teleqraf xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Zəki Aktürk bildirib.
“Əvvəllər də bəyan etdiyimiz kimi, S-400 hava hücumundan müdafiə sistemləri Türkiyə Silahlı Qüvvələrinin əməliyyat ehtiyaclarına uyğun olaraq əldə olunub və döyüş hazırlığı vəziyyətindədir. Somalidə S-400 hava hücumundan müdafiə sistemlərindən istifadə etmək planı yoxdur”, - qurumun rəsmi nümayəndəsi vurğulayıb.
Zəki Aktürk qeyd edib ki, S-400-lərlə bağlı bəzi media orqanları və sosial mediada vaxtaşırı fərziyyələr ortaya çıxır, rəsmi bəyanatlarla dəstəklənməyən belə iddia və şərhlərə etibar etməmək vacibdir.