BAKI, 17 yanvar. TELEQRAF

Uqandanın müxalifət lideri Bobi Uayn prezident Yoveri Museveninin yenidən böyük üstünlüklə seçilməyə yaxınlaşdığı bir vaxtda evindən aparılaraq naməlum istiqamətə götürülüb.

Teleqraf xəbər verir ki, müxalifətdə olan Milli Birlik Platforması Partiyası bildirib ki, cümə günü paytaxt Kampalada Bobi Uaynın yaşadığı evin həyətinə ordu helikopteri enib və o, zorla naməlum yerə aparılıb. Bu məlumat dərhal təsdiqlənməyib. Partiyanın bəzi yüksəkvəzifəli üzvləri də hadisə ilə bağlı dəqiq məlumatlarının olmadığını bildiriblər. Uqanda hökuməti və ordusu isə jurnalistlərin sorğularına dərhal cavab verməyib.

Bobi Uayn cümə axşamı keçirilən və internetin kəsildiyi seçkilərdə kütləvi saxtakarlıq olduğunu iddia edib və tərəfdarlarını etiraza çağırıb. Onun partiyası həmin gün liderlərinin faktiki olaraq ev dustaqlığına alındığını açıqlayıb.

Daha əvvəl Uqanda müxalifətinin yüksəkvəzifəli üzvlərindən biri təhlükəsizlik qüvvələrinin cümə günü səhər tezdən onun evinə basqın edərək seçki kampaniyasında iştirak edən 10 nəfəri öldürdüyünü iddia edib. Milli Birlik Platformasının nümayəndəsi Muvanqa Kivumbi Reuters agentliyinə bildirib ki, hadisə gecə saat 03:00 radələrində baş verib və təhlükəsizlik qüvvələri qarajda nəticələri gözləyən insanlara atəş açıb. O, baş verənləri “qırğın” adlandırıb.

Polisin yerli nümayəndəsi Lidiya Tumuşabe isə Kivumbinin evində belə bir hadisədən xəbərsiz olduğunu deyib və müxalifət tərəfdarlarının polis bölməsinə hücum etdiyini, təhlükəsizlik qüvvələrinin isə özünümüdafiə məqsədilə atəş açdığını bildirib. Onun sözlərinə görə, “naməlum sayda” şəxs zərərsizləşdirilib, 25 nəfər isə saxlanılıb.

Bobi Uayn baş verənləri sərt şəkildə pisləyərək vətəndaşları müqavimət göstərməyə çağırıb. O, sosial şəbəkədə paylaşımında mövcud hakimiyyəti “cinayətkar rejim” adlandırıb.

Qeyd edək ki, Bobi Uaynın əsl adı Robert Kyaqulani olub, o, son illər Museveninin əsas rəqibi kimi çıxış edir. 1986-cı ildən hakimiyyətdə olan Museveni seçkilərin nəticəsinin formal xarakter daşıdığını deyərək, saxtakarlıq olmadığı təqdirdə səslərin 80 faizini qazanacağını bildirib. Seçki komissiyasının ilkin məlumatına əsasən, Museveni təxminən 74 faiz səslə liderdir, Bobi Uayn isə 23 faiz səs toplayıb.