BAKI, 9 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ABŞ Silahlı Qüvvələrinin Nigeriya ərazisinə yenidən zərbələr endirə biləcəyini istisna etməyib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə "The New York Times" qəzetinə müsahibəsində danışıb.
“Bunun birdəfəlik zərbə olmasını istərdim. Lakin əgər onlar xristianları öldürməyə davam etsələr, bu, çoxsaylı zərbələr olacaq”, - deyə ABŞ lideri ötən ilin dekabrında həyata keçirilmiş hücumu şərh edərkən bildirib.
Qeyd edək ki, 2025-ci ilin sonlarında Tramp Nigeriyada fəaliyyət göstərən “İslam Dövləti” terror qruplaşmasının (Rusiya Federasiyasında qadağandır) döyüşçülərinə qarşı zərbə endirildiyini açıqlamışdı. Daha sonra Nigeriya Müdafiə Nazirliyinin informasiya xidmətinin direktoru, general-mayor Samaila Uba bu əməliyyatın Nigeriya Silahlı Qüvvələri tərəfindən ABŞ ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində, kəşfiyyat məlumatları əsasında həyata keçirildiyini bildirmişdi.
Nigeriya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Kimiebi Ebienfa isə kommyunikedə ölkəsinin ABŞ ilə beynəlxalq hüquqa uyğun şəkildə kəşfiyyat məlumatlarının mübadiləsi və digər sahələrdə strateji əməkdaşlıq apardığını vurğulamışdı.
Xatırladaq ki, Tramp noyabrın 1-də Pentaqona Nigeriyada xristianların müdafiəsi məqsədilə “islamçı terrorçulara” qarşı mümkün güc tədbirlərinin hazırlanması tapşırığını verdiyini bəyan etmişdi. Nigeriya hakimiyyəti isə bu ittihamları rədd edərək, ölkənin dini dözümsüzlük mühiti ilə səciyyələndirilməsinin reallığı əks etdirmədiyini və hökumətin bütün vətəndaşların vicdan və din azadlığının qorunması üçün səylərini nəzərə aldığını bildirmişdi.