BAKI, 7 dekabr. TELEQRAF
Beninin daxili İşlər naziri Alassan Seydu ölkədə hərbi çevriliş cəhdinin qarşısının alındığını açıqlayıb.
Teleqraf xəbər verir ki, nazir bu barədə dövlət televiziyasında yayımlanan bəyanatında bildirib.
Hadisə, bir qrup hərbçinin dövlət televiziyasına çıxaraq Prezident Patris Talonun devrildiyini, sərhədlərin bağlandığını və siyasi partiyaların fəaliyyətinin dayandırıldığını elan etməsindən sonra baş verib. Lakin hökumət sonradan ordunun vəziyyətə nəzarəti bərpa etdiyini bildirib.
Nazirlik rəsmilərinin məlumatına görə, ölkədə sabitlik tam şəkildə bərpa olunur.
Qeyd edək ki, 67 yaşlı Patris Talon 2016-cı ildən prezidentdir, 2021-ci ildə yenidən seçilib.
***
13:10
Benində hərbçilər hakimiyyəti ələ keçirib.
Teleqraf xəbər verir ki, bu barədə “La Nouvell Tribune” xəbər portalı məlumat yayıb.
Bildirilib ki, prezident Patris Talon devrilib, ölkədə bütün dövlət idarəetmə orqanları buraxılıb. Hakimiyyətin tam nəzarəti hərbi komitəyə keçib.
Komitənin rəhbərliyi polkovnik Tiğri Paskala verilib. Yeni hakimiyyət strukturunun yaxın günlərdə ölkə ilə bağlı idarəetmə qərarları açıqlayacağı bildirilir.
Hərbi komitə dövlət idarəetməsinin "müvəqqəti sabitlik rejimi" çərçivəsində yenidən qurulacağını qeyd edib.