BAKI, 27 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Milli Qvardiya hərbçilərinə qarşı silahlı hücumu qeyri-leqal miqrasiya ilə əlaqələndirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə xalqa xüsusi televiziya müraciətində danışıb.
O qeyd edib ki, hücum nəzarətsiz miqrasiyanın ABŞ-nin milli təhlükəsizliyi üçün əsas risk olduğunu açıq göstərir.
“Keçmiş administrasiya ölkəyə 20 milyon yoxlanılmamış və kimliyi bilinməyən şəxsin daxil olmasına imkan verdi. Bu isə bizim varlığımız üçün ciddi təhlükədir”, - deyə o vurğulayıb.
Prezident əlavə edib ki, heç bir ölkə öz mövcudluğunu bu cür risk altına atmamalıdır. O, ABŞ-ni yenidən təhlükəsiz ölkəyə çevirəcəyinə vəd edib.
Tramp həmçinin hücumu terror aktı və insanlığa qarşı cinayət adlandırıb.
Xatırladaq ki, daha əvvəl "CBS News" xəbər vermişdi ki, hücumu törətməkdə şübhəli bilinən şəxs Əfqanıstan vətəndaşıdır və 2021-ci ildə ABŞ ərazisinə daxil olub.
Tramp isə silahlı şəxsi “heyvan” adlandırıb və onun törətdiyi cinayətə görə çox ağır bədəl ödəyəcəyini bildirib.