BAKI, 18 may. TELEQRAF
Somalinin paytaxtı Moqadişoda Damanyo hərbi bazasında baş vermiş terror hadisəsinin təfərrüatı açıqlanıb.
Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, qeydiyyatdan keçən gənc əsgərlərin növbəsində kamikadzenin özünü partlatması nəticəsində 13 nəfər həlak olub.
Hücumçu partlayıcını işə salan zaman yeniyetmələr bazanın qapıları önündə növbəyə dayanıblar.
"Partlayış gözümün qarşısında baş verdi. Yüzlərlə yeniyetmə qapı önündə sıraya düzülmüşdülər. Qəfildən qulaqbatırıcı partlayış səsi eşidildi və ətrafı qatı tüstü bürüdü. Hər tərəf qana boyanmışdı", - şahid Abdisalan Mohamed bildirib.
14:23
Somalinin paytaxtı Moqadişoda orduya qəbul məntəqəsində baş vermiş partlayış nəticəsində ən azı 11 nəfər həlak olub, daha bir neçə nəfər isə yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə "SMS Somali TV" telekanalı məlumat yayıb.
Bildirilib ki, hadisə Damaanyo hərbi bazasında, Somali Milli Ordusuna yeni hərbçilərin qəbul prosesi zamanı baş verib.
Qeyd edək ki, 2023-cü ildə də Damaanyo hərbi bazasında oxşar hadisə baş vermişdi. Həmin vaxt intiharçı-terrorçu yeni əsgərlərin qəbul prosesində hücum etmiş, nəticədə onlarla adam həyatını itirmişdi.