BAKI, 7 may. TELEQRAF

“Ukrayna Silahlı Qüvvələri Rusiyaya uzaqmənzilli zərbələri davam etdirir”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Dəqiqliyə görə döyüşçülərimizə minnətdaram. Bu gün Ukraynanın uzaqmənzilli raketləri yenidən Perm şəhərindəki hədəfləri vurub. Perm sərhədimizdən 1500 kilometrdən çox məsafədə yerləşir. Bu yaxınlarda 1800 kilometr məsafədə yerləşən Çelyabinsk və 2000 kilometrdən çox məsafədəki Yekaterinburqda da mühüm nəticələr əldə olunmuşdu. Ukraynanın uzaqmənzilli sistemlərinin nəticələrini Novorossiysk, Krım, Tuapse, Samara və Nijni Novqorod da hiss edib”, - o bildirib.

Zelenski qeyd edib ki, Ukrayna dəfələrlə Rusiyanı sülhə çağırsa da, qarşı tərəf müharibəni davam etdirməyə üstünlük verib:

“Buna görə də Ukraynanın kampaniyaları Rusiyanın hərbi sənayesi, müharibə infrastrukturu və təcavüzün maliyyələşdirilməsi ilə əlaqəli uzaq obyektlərinə yönəlib”.

Ukrayna lideri əlavə edib ki, Rusiya istənilən an Ukraynaya qarşı müharibəni dayandıra bilər:

“Həm də Moskvada parad keçirmək məqsədilə bir neçə saatlıq icazə almaq üçün yox, insanların həyatını qorumaq üçün. İnsanlara dəyər vermək lazımdır, paradlara yox. Sülh yaratmaq lazımdır, 9 May üçün fasilə xahişi ilə dünya paytaxtlarını dolaşmaq lazım deyil. Sülh lazımdır. Rusiyanın bunu dərk etməsinə kömək edən hər kəsə təşəkkür edirəm”.