BAKI, 27 oktyabr. TELEQRAF
Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodriqes müxalifət lideri Mariya Korina Maçadonun dövlət institutlarına qarşı fəaliyyətinə görə məsuliyyət daşımalı və peşmanlıq hissi keçirməli olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Rodriqes bu barədə “Venezolana de Televisión” telekanalına müsahibəsində danışıb.
O, Maçadonun Venesuelaya mümkün qayıdışı ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən müxalifət liderini əvvəlki fəaliyyətinə yenidən qiymət verməyə çağırıb.
“Onun dövlət institutlarına qarşı yönəlmiş strategiyalara görə məsuliyyət daşımalı olduğunu bildirmişəm. Ümid edirəm ki, peşmanlıq hissi keçirəcək və vəziyyəti düzəltmək istəyəcək”, – Rodriqes vurğulayıb.
Venesuela lideri siyasətçiləri media şoularından uzaq durmağa və məsuliyyətli qərarlar qəbul etməyə çağırıb.
“Siyasət şou olmaqdan çıxmalıdır. Çünki siyasət insanların həyatı ilə bağlı ciddi məsələdir. Qəbul etdiyimiz hər bir qərar vətəndaşların həyatına təsir göstərir”, – o qeyd edib.
Rodriqes Maçadonun hökumətlə müxalifət arasında aparılan danışıqlara qoşulması ehtimalını da istisna etməyib. Onun sözlərinə görə, danışıqlar platforması ölkənin inkişafına töhfə vermək istəyən hər kəs üçün açıqdır.
O, həmçinin Venesuelada məhkəmə sisteminin müstəqilliyinin gücləndirilməsi istiqamətində iş aparıldığını bildirib və ölkədə siyasi təqiblərin olmadığını iddia edib.