BAKI, 27 oktyabr. TELEQRAF

İsrail ordusu Qəzza zolağının müxtəlif bölgələrinə növbəti hava zərbələri endirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zərbələr Qəzza zolağının şimal, mərkəzi və cənub hissələrinə endirilib. Hücumlar nəticəsində HƏMAS və “İslami Cihad” təşkilatlarının dörd üzvünün öldürüldüyü iddia olunur.

İsrail ordusunun məlumatına görə, Qəzzanın şimalında hərbçilərə qarşı snayper atəşi açmaq üçün istifadə edildiyi bildirilən müşahidə qülləsi aşkarlanaraq məhv edilib.

Bundan əlavə, Qəzza zolağının cənubundakı Xan-Yunis şəhəri yaxınlığında yeraltı tuneldən çıxan üç silahlı şəxs müəyyən edilib. Onların ayırıcı xəttdən kənarda hərəkət etdiyi bildirilib.

Əraziyə endirilən hava zərbəsi nəticəsində həmin şəxslərin hədəf alındığı və tunelin yerləşdiyi ərazidə ikinci partlayışın qeydə alındığı açıqlanıb.