BAKI, 27 oktyabr. TELEQRAF
Almaniya Silahlı Qüvvələrinin (Bundesver) xüsusi təyinatlı bölmələri Rusiya ilə mümkün hərbi qarşıdurmaya hazırlıq keçir.
Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti briqada komandiri Andreas Küneyə istinadən məlumat yayıb.
“Biz konkret rəqibə - Rusiyaya qarşı hazırlıq görürük”, - komandir bildirib.
Onun sözlərinə görə, xüsusi təyinatlılar uzunmüddətli hərbi əməliyyatlara hazırlanırlar. Təlimlər zamanı tanklara, artilleriyaya, pilotsuz uçuş aparatlarına və radioelektron mübarizə vasitələrinə qarşı mübarizə üsulları məşq edilir. Hərbçilərə həmçinin sərt soyuq hava şəraitində fəaliyyət göstərmək öyrədilir.
Məlumata görə, bölmənin şəxsi heyəti təxminən 1500 nəfərdən ibarətdir. Onların yalnız üçdəbir hissəsi xüsusi təyinatlı hərbçilər, qalanları isə inzibati və yardımçı heyətdir. Hazırda bölmənin şəxsi heyətlə komplektləşdirilməsi 70–80 faiz səviyyəsindədir.
“Bild” xatırladıb ki, sözügedən bölmə əvvəllər bir sıra qalmaqallarla gündəmə gəlib. Bunlar arasında ifrat sağçı ekstremizmlə bağlı hadisələr, nasist salamlaşması, döyüş sursatlarının itməsi, eləcə də hərbçilərdən birinin gizli silah və partlayıcı maddə anbarının aşkarlanması yer alır.
Rusiya isə NATO ölkələrinə hücum etmək niyyətində olması barədə iddiaları dəfələrlə rədd edib.
Rusiya Prezidenti Vladimir Putin bu cür bəyanatları Qərb siyasətçilərinin əhalini qorxutmaq və hərbi xərclərin artırılmasına haqq qazandırmaq cəhdi kimi qiymətləndirib.