BAKI, 9 sentyabr. TELEQRAF

İran İsraillə qarşıdurmada özünün və dəstəklədiyi qrupların itkilərə məruz qalmasından sonra Səudiyyə Ərəbistanına və ABŞ-nin Bəsrə körfəzindəki digər müttəfiqlərinə təzyiqi artırmaq üçün Yəməndəki “Ənsarallah” Hərəkatı (husilər) və İraqdakı proksi qüvvələrindən istifadə edir.

Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.

Agentlik yazıb ki, son günlər Səudiyyə Ərəbistanına qarşı hücumlar bu iki cəbhə arasında koordinasiyanı gücləndirib. Səudiyyə və İraq rəsmiləri bildiriblər ki, husilərin nümayəndələri İraqdakı silahlı qruplarla görüşərək, Səudiyyə Ərəbistanının neft obyektlərinə iki gündür davam edən dron hücumlarının planlaşdırılması və icrasında iştirak ediblər.

Husilər Səudiyyə Ərəbistanının neft infrastrukturu və enerji ixracı marşrutlarına hücumları genişləndiriblər.

“Ənsarallah” iyulun sonlarından bəri Səudiyyə Ərəbistanının neft obyektlərinə və tankerlərinə 12-dən çox hücum həyata keçirib. Həmçinin ölkənin Qırmızı dənizdəki gəmi marşrutunu blokadaya aldıqlarını bəyan ediblər.

Britaniyalı Yəmən üzrə mütəxəssis Elizabet Kendall deyib ki, hazırda Səudiyyə Ərəbistanı husilərə qarşı yenidən birbaşa hücuma keçməyə meylli görünmür: “Amma onların gərginliyi davamlı şəkildə artırması Ər-Riyadı qəti cavab verməyə məcbur edə bilər. Belə bir vəziyyətdə Səudiyyə Ərəbistanı birdəfəlik qətiyyətli addım atmalı olacaq”.