BAKI, 25 oktyabr. TELEQRAF
Şimali Koreya lideri Kim Çen In Koreya müharibəsi illərində qanla möhkəmlənən KXDR-Çin dostluğunun nəsildən-nəslə qorunacağını və daha da gücləndiriləcəyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Kim Çen In bu fikirləri Çinin Dandun şəhərinə səfəri zamanı Ümumçin Xalq Siyasi Məsləhət Şurasının Ümumçin Komitəsinin sədri Van Huninlə söhbətində səsləndirib.
Şimali Koreya lideri Çin xalqının ən yaxşı övladlarının ölkəsinin inqilabına qanları bahasına dəstək göstərməsini heç vaxt unutmayacaqlarını və Koreya-Çin dostluğu ənənəsini ardıcıl şəkildə davam etdirəcəklərini vurğulayıb.
Kim Çen In ABŞ təcavüzünə qarşı müqavimət və Koreyaya yardım müharibəsi memorial muzeyini ziyarət edərkən Şimali Koreyanın qurucusu Kim İr Senin tarixi fotosunun surətini hədiyyə edib. O, foto üzərində Çin xalqının könüllülərinin xidmətlərinə görə əbədi minnətdarlığını və ehtiramını ifadə edən qeyd yazıb.
KCNA-nın məlumatına görə, Çin lideri Si Cinpinin xüsusi tapşırığı ilə Van Hunin Kim Çen Inın səfəri şərəfinə ziyafət təşkil edib. Şimali Koreya lideri səfərə göstərilən xüsusi diqqətə görə təşəkkürünü bildirib, Si Cinpinə səmimi salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.