BAKI, 25 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Almaniyanın “Audi” avtomobil istehsalçısının Corciya ştatında 4 milyard dollar dəyərində zavod tikməyi planlaşdırdığını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Ağ Ev rəhbərinin sözlərinə görə, zavodun ABŞ-də tikilməsi gömrük rüsumları, tənzimləmə siyasəti və Kaliforniyanın yanacaq səmərəliliyi ilə bağlı ayrıca standartlar müəyyən etmək imkanının məhdudlaşdırılması sayəsində mümkün olub. Müəssisədə ildə 200 min yolsuzluq avtomobilinin istehsalı nəzərdə tutulur.
“Audi” şirkətinin baş icraçı direktoru Gernot Döllner bildirib ki, şirkət ən böyük və premium yolsuzluq avtomobillərini Corciya ştatının Meykon şəhərində istehsal etməyi planlaşdırır. O, ABŞ bazarına inandıqlarını vurğulayaraq layihəni uzunmüddətli investisiya adlandırıb.
Agentliyin məlumatına görə, Tramp avtomobil istehsalçılarına təzyiq göstərərək avtomobillərə, polada, alüminiuma və ehtiyat hissələrinə tətbiq edilən gömrük rüsumlarını artırır. Məqsəd istehsalın ABŞ-a köçürülməsinə nail olmaqdır.
“Audi”nin ABŞ bazarı üçün avtomobillərini Avropa və ya Meksikadan idxal etməsi səbəbindən şirkət ötən il Trampın rüsumları nəticəsində 1,4 milyard dollar zərərə uğrayıb.
Şirkətin məlumatına əsasən, yeni investisiya ABŞ-da təxminən 4 500 iş yerinin yaradılmasına imkan verəcək. Zavodun tikintisinə 2027-ci ildə başlanması, istehsalın isə 2030-cu illərin əvvəlində işə düşməsi planlaşdırılır.