BAKI, 25 oktyabr. TELEQRAF
Tayvanda “Çampi” qasırğası nəticəsində 616 nəfər xəsarət alıb, bir nəfər həyatını itirib.
Teleqraf xəbər verir ki, bu barədə adanın Mərkəzi Fövqəladə Hallar Əməliyyat Qərargahı məlumat yayıb.
Güclü külək və leysan yağışları yol-nəqliyyat hadisələrinə, reklam lövhələrinin və ağacların aşmasına səbəb olub. Hadisələr nəticəsində çoxsaylı insan xəsarət alıb. Pindun dairəsinin sahilində isə bir nəfər fırtına dalğasının təsiri ilə dənizə sürüklənərək həyatını itirib.
Tayvanın Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, “Çampi” qasırğası zəifləyib və adadan Yaponiyaya doğru hərəkət edir. Fırtına xəbərdarlıqları ləğv olunub. Yaxın 24 saat ərzində hava şəraitinin tam normallaşacağı gözlənilir.
Son iki gün ərzində qeydə alınan 9 027 hadisə barədə məlumatın 3 287-si aşan ağaclarla bağlı olub. Bu halların 1 282-si paytaxt Taybeydə qeydə alınıb. Daha 3 033 hadisə infrastruktur obyektlərinə dəyən zərərlə əlaqəli olub. Digər hallara isə leysan və güclü külək səbəbindən reklam lövhələrinin və yol nişanlarının aşması daxildir.
Fırtına zamanı elektrik xətlərinin qırılması və dirəklərin aşması nəticəsində 340 mindən çox ev təsərrüfatı elektrik enerjisiz qalıb. Hakimiyyət orqanlarının məlumatına görə, əksər evlərdə elektrik təchizatı bərpa edilib.