BAKI, 22 avqust. TELEQRAF
İran rəhbərliyi Fars körfəzi regionunda yeni təhlükəsizlik sisteminin yaradılması ilə bağlı qonşu dövlətlərdən mesajlar alıb.
Teleqraf xəbər verir ki, bu barədə İran Məclisinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.
“Regionda yeni təhlükəsizlik tədbirlərinin hazırlanması ilə bağlı qonşu ölkələrdən mesajlar almışıq”, - İslam Respublikasının parlament sədri deyib.
Qalibaf əlavə edib ki, onun fikrincə, regionda yalnız müstəqil təhlükəsizlik sistemi sülhü təmin edə bilər. O, Tehranın bu cür mesajları hansı qonşu dövlətlərdən aldığını açıqlamayıb.
Qeyd edək ki, İran daha əvvəl dəfələrlə Fars körfəzi regionunda kənar qüvvələrin iştirakı olmadan, region dövlətlərinin əməkdaşlığı əsasında yeni təhlükəsizlik strukturunun yaradılmasını təklif edib.