BAKI, 22 avqust. TELEQRAF
Yəmən sahillərində neft məhsulları daşıyan tanker Somali əsilli quldurlar tərəfindən ələ keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Somalinin dəniz təhlükəsizliyi üzrə rəsmisi “Associated Press”ə bildirib.
Altı silahlı quldur Yəmənin Əl-Mükəlla şəhərindən təxminən 136 dəniz mili (252 kilometr) şərqdə Eritreya bayrağı altında üzən “M.T. Sibu 1” tankerini ələ keçirib və gəmini Somalinin Puntland sahillərinə doğru aparıb.
Tankerdə 20 ekipaj üzvü olub: 16 Hindistan, bir Suriya, bir Sudan və bir İraq vətəndaşı. Ekipaj üzvlərindən birinin vətəndaşlığı hələlik məlum deyil.
Qeyd edək ki, BƏƏ-də yerləşən “Qatrat Alnada Almasi Ship Management” şirkəti tərəfindən idarə olunan “Sibu 1” ötən il ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiyalara məruz qalıb. Tankerin ABŞ sanksiyalarından yayınmaq məqsədilə neft məhsullarının daşınmasında istifadə olunan İrana məxsus “kölgə donanmasının” tərkibində olduğu iddia edilib.
Xatırladaq ki, hadisədən üç gün əvvəl quldurlar Somali sahillərində Kamerun bayrağı altında üzən, ümumi yük daşıyan “Lutuf” gəmisini ələ keçiriblər. Dəniz nəqliyyatının izlənməsi üzrə hesabatlara görə, gəmidə altı Hindistan, bir Türkiyə və bir Gürcüstan vətəndaşı, həmçinin iki serbiyalı mühafizəçi olmaqla, ümumilikdə 10 ekipaj üzvü olub.
“Sibu 1” aprelin 21-dən bəri Somalili quldurlar tərəfindən ələ keçirilən altıncı kommersiya gəmisidir. Həmin tarixdə Palau bayrağı altında üzən “Honor 25” tankeri Somali sahillərində ələ keçirilib. Daha sonra aprelin 26-da “Sward”, mayın 2-də “Eureka”, iyulun 17-də “Asana” və avqustun 17-də “Lutuf” gəmiləri quldurların hücumuna məruz qalaraq ələ keçirilib.