BAKI, 22 avqust. TELEQRAF
İran son bir ildə silah və hərbi texnika istehsalını iki dəfə artırıb. Hazırda istehsal həcmini üç dəfə artırmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, briqada generalı Rza Tələyi-Nik bildirib.
Onun sözlərinə görə, istehsal 12 günlük müharibədən sonra iki dəfə artıb, münaqişə zamanı prioritet verilən ayrı-ayrı strateji silah növlərinin istehsalı isə üç dəfədən çox yüksəlib.
“Biz öz avadanlıqlarımızdan istifadə edir və eyni zamanda istehsalı davam etdiririk. İllər ərzində yaradılmış strateji ehtiyatlar və geniş şəbəkə çərçivəsində gündəlik fasiləsiz istehsal müdafiə sənayesinə yüksək imkanlar qazandırıb”, - Tələyi-Nik dövlət televiziyasının efirində deyib.
O qeyd edib ki, istehsalın artırılması sanksiyalara cavab olaraq həyata keçirilib və müdafiə sənayesinin müstəqilliyinin daha da gücləndirilməsinə yönəlib.
Qeyd edək ki, hazırda İranın müdafiə sənayesinin istehsal zəncirinə 9 mindən çox özəl və elmi-texnoloji şirkət daxildir. Bu, ötən illə müqayisədə təxminən 20% çoxdur.
Son bir ildə tədqiqat layihələrinin 76%-i hazır məhsulun yaradılması mərhələsinə çatdırılıb.