BAKI, 19 avqust. TELEQRAF

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla Qəzza zolağında və Livanda hərbi mövcudluq məsələləri üzrə açıq qarşıdurmaya keçmək imkanını nəzərdən keçirir. Çünki o, Vaşinqtonun Təl-Əvivə qəbul etdirməyə çalışdığı şərtləri ölkənin maraqlarına zidd hesab edir.

Teleqraf xəbər verir ki, bu barədə “Al-Monitor” İsrail mənbələrinə istinadla məlumat yayıb.

“Netanyahunun səbri tükənib. O, Qəzza və Livan məsələlərində ABŞ administrasiyası ilə birbaşa qarşıdurmaya girib-girməmək barədə qərar verməyə çalışır. Bunun nəyə gətirib çıxaracağını bilsə də, hazırkı vəziyyət bundan yaxşı deyil”, - portalın həmsöhbətlərindən biri bildirib.

Mənbələrin məlumatına görə, Trampla danışıqlar zamanı o, İsrailin maraqlarının az nəzərə alındığı ultimatumlara əl atıb. Son aylarda iki lider arasındakı şəxsi münasibətlər də əhəmiyyətli dərəcədə pisləşib. Netanyahu İsraildə parlament seçkiləri ərəfəsində hesab edir ki, Trampla açıq qarşıdurmaya keçmək və ABŞ qarşısında milli təhlükəsizlik maraqlarını kəskin şəkildə müdafiə etmək rəhbərlik etdiyi “Likud” Partiyasının reytinqini yüksəldə bilər.

“Bir çoxları hesab edir ki, Netanyahu seçkilərə qədər Trampla qarşıdurmanın ABŞ Prezidenti ilə artıq mövcud olmayan möhkəm dostluğu ilə öyünməkdən daha faydalı olacağı qənaətinə gəlməyə yaxındır”, - portalın digər həmsöhbəti əlavə edib.

Netanyahunun Trampın kürəkəni və qeyri-rəsmi nümayəndəsi Cared Kuşnerlə son görüşü kompromis nəticələrlə yekunlaşıb. Belə ki, İsrail Baş naziri HƏMAS-ın tərksilah edilməsinə başlanılmadan Qəzzadan İsrail qoşunlarının çıxarılmasının mümkün olmadığı mövqeyini müdafiə edib.

“Tramp ən azı payızda ABŞ-də keçiriləcək aralıq seçkilərə qədər İsraillə HƏMAS arasındakı münaqişənin dayandırılması istiqamətində əldə etdiyi uğuru qoruyub saxlamalıdır. Netanyahu isə ən azı Knesset (parlament) seçkilərinə qədər HƏMAS-ın tərksilah edilməsini İsrail qoşunlarının çıxarılması üçün şərt kimi görür. Növbəti böhran baş verənə qədər hər iki tərəf irəliləyiş əldə edib”, - mənbələrindən biri vurğulayıb.