BAKI, 18 avqust. TELEQRAF
“Bu hadisə qisasın başlanğıcı və ABŞ Prezidenti Donald Trampı əzab içində saxlamaqdır”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin deputatı Fəthullah Tovəssoli ABŞ Prezidentinin Türkiyədən qayıdarkən Tehranın təhdidi səbəbindən təyyarəsini dəyişdirməsini şərh edərkən deyib.
“Trampın Türkiyədə başına gələn hadisə və özünü dünyanın fövqəldövləti hesab etdiyi halda, belə biabırçı şəkildə təyyarəsini dəyişməsi qisasın başlanğıcıdır. Bu, Trampı əzab içində saxlamaqdır. O, qatildir və qatilin hökmü qisasdır - ölümdür”, - deputat bildirib.
Tovəssoli İran parlamentində ölkə rəsmiləri və komandirlərini öldürən şəxslərin cəzalandırılması ilə bağlı hazırlanan qanun layihəsi barədə qeyd edib:
“Parlamentdə rəhbərimizi (Əli Xamenei) və komandirlərimizi öldürən şəxslərin cəzalandırılması haqqında qanun qəbul olunur. Bu qanunun ümumi müddəaları təsdiqlənib, detalları da mütləq təsdiq ediləcək. Nəzarətçilər Şurası da bu qərarı təsdiqləsə, qanuna çevriləcək və təbii olaraq onun icrası ölkə rəsmiləri üçün məcburi olacaq”.